“İşğaldan azad olunduqdan sonra Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb”

Bu gün Laçının işğaldan azad olunduğu gündür. Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfərdən sonra, 2020-ci ilin dekabrın 1-də Laçın rayonu, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verildi. Cənab Prezidentin imzaladığı sərəncama əsasən, 26 Avqust Laçın şəhəri günü kimi qeyd edilir.

Bərpa və yenidənqurma mərhələsinə qədəm qoyan Laçın rayonunda artıq iqtisadiyyatın inkişafı və re-inteqrasiyası prosesi başlayıb. 2025-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən ümumi investisiya həcmi 5 milyard manatdan çox olub. Bunun isə 4,4 milyard manatı birbaşa dövlət büdcəsindən ayrılıb. Laçın rayonun iqtisadiyyatına gəldikdə isə, illlik məhsulun ümumi istehsalı artıq 1 milyard manatdan çoxdur.

İşğaldan azad olunduqdan sonra Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb. 2020-ci ildə Laçın rayonu üzrə iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 42 milyon manat idisə, indi bu göstərici milyard manatı üstələyir. Məhsul buraxılışında ən böyük paya tikinti sektoru malikdir. Bu sektor üzrə 899 milyon manatlıq məhsul buraxılışı olub. İntensiv bərpa və yenidənqurma işləri bu sahədə daha çox canlanma yaradıb. Bununla yanaşı, Laçın rayonunda illik məhsulları istehsalı sənaye üzrə 65 milyon manat, kənd təsərrüfatı üzrə isə 49 milyon manat olub.

Göründüyü kimi, işğal nəticəsində dağıdılan və baxımsız şəhərə dönən Laçın artıq regionun əsas mərkəzlərindən birinə çevrilməkdədir.

Vüqar Bayramov, millət vəkili

👁 40 baxış