Oktyabrın 12-də Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetlə mətbuata birgə bəyanatda xeyli mühüm məsələ öz əksini tapmışdır. Bunlardan biri təhlükəsizlik məsələsidir. Dövlətimizin başçısı qeyd etmişdir ki, hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir.
Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır.
Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və “Böyük Qayıdış” Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir.
Xanlar Mirzəyev, Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi