Azərbaycanla Kamboca arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötən dövr ərzində formalaşan qarşılıqlı hörmət və etimad mühiti bu gün diplomatik dialoqun yeni və daha əhatəli mərhələyə qədəm qoymasına imkan yaradıb. Oktyabrın 12-də Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfər etmiş Kamboca Krallığının Baş naziri Hun Manet ilə keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, ikitərəfli münasibətlərin müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanması və liderlərin mətbuata bəyanatlarla çıxış etməsi iki dövlət arasında formalaşan strateji dialoqun əyani təzahürü oldu.
Oktyabrın 12-də Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetlə mətbuata birgə bəyanatda söylədiyi kimi, Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir. Hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir.
Azərbaycanın geostrateji imkanlarına və Avrasiya məkanında oynadığı mühüm tranzit roluna diqqət çəkən Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib: “Asiya və Avropa arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır”. Dövlətimizin başçısının bu fikri ölkəmizin regionlararası nəqliyyat-logistika dəhlizlərinin mərkəzində dayandığını və Kamboca ilə iqtisadi-ticari əlaqələrin inkişafı üçün mühüm körpü rolunu oynadığını bir daha nümayiş etdirir.
Nuranə Şahbazova,
Cəlilabad RİH-nin əməkdaşı