27 noyabr 2026-cı il tarixində Cəlilabad rayonu Göytəpə şəhəri Vasif Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində tədrisin keyfiyyətinin artırılması və təlim nəticələrinin yaxşılaşdırılması məqsədilə görüş keçirilib.
Mecra.az xəbər verir ki, görüşdə Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov, sektorun əməkdaşları, zonalar üzrə müəyyən edilmiş 24 məktəbdən olan rəhbər heyət, eləcə də cari tədris ilində IV, VI, IX və XI siniflərdə imtahan və monitorinq keçirilən fənləri tədris edən müəllimlər iştirak ediblər.
Müzakirələr zamanı ötən və cari tədris illərində Keyfiyyət Fəaliyyət Planının icra vəziyyəti, dərsdinləmələrin təşkili, müasir təlim metodlarının tətbiqi, müəllimlərin peşəkar inkişafı və məktəblərə metodiki dəstəyin göstərilməsi məsələləri diqqətə çatdırılıb.
Həmçinin IV, VI, IX və XI siniflər üzrə ötən tədris ilinin nəticələri səriştə və səviyyələr üzrə təhlil edilib. 2026/2027-ci tədris ilində şagird nailiyyətlərinin yüksəldilməsi və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib.
Cəlilabad rayonu üzrə təhsil sektoru tərəfindən bütün ümumtəhsil müəssisələrini əhatə edən bu istiqamətdə görüşlərin davam etdirilməsi nəzərdə tutulub.
