Son illərdəki yüksək səviyyəli rəsmi görüşlər, imzalanan yeni ikitərəfli sənədlər və nümayiş etdirilən siyasi iradə Azərbaycan-Kamboca münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu sübut edir.
Oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetlə baş tutan görüş bunu bir daha təsdiq etdi və, Prezident İlham Əliyevin xarici siyasətdə dərin zəkasını nümayiş etdirdi. İki ölkə arasında syasi dialoqun dərinləşməsi, iqtisadi və investisiya əlaqələrinin genişlənməsi, eləcə də humanitar və minatəmizləmə sahələrindəki praktiki tərəfdaşlıq iki ölkə arasında dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyindən xəbər verir.
Ölkələrimiz arasında kommersiya və ticarət əlaqələri, həmçinin digər sahələrdə münasibətlər hələlik məhdud səviyyədədir. Ölkələrimiz arasında münasibətlərin 30 ildən artıq tarixi var. Hun Senin 2014-cü ildə Azərbaycana səfəri baş tutmuşdu və həmin səfər indiyədək davam edən əməkdaşlığımızın yol xəritəsini müəyyənləşdirmişdir.
Humanitar, təhsil və mədəniyyət sahələrindəki tarixi bağlar da Azərbaycan-Kamboca münasibətlərinin mühüm elementləridir. Sovet dövründə Azərbaycanda yüzlərlə kambocalı tələbənin ali təhsil alması ənənəsinin bərpa olunması təşəbbüsü, kadr hazırlığı və tələbə mübadiləsinin yenidən aktivləşdirilməsi önəmli yer tutur.
Dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir.
Arif Nəcəfov, Cəlilabad Rayon Statistika İdarəsinin rəisi