Cari il oktyabrın 12-də Bakıda keçirilmiş mətbuat konfransında Azərbaycan və Kamboca liderləri tərəfindən bəyan edildiyi kimi, sülh və təhlükəsizlik beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır. Tarixi sınaqlardan keçmiş və oxşar çətinliklərlə üzləşmiş hər iki xalqın beynəlxalq hüquqa, ədalətə və suverenliyə verdiyi yüksək dəyər onları bir-birinə daha da yaxınlaşdırır.
Çoxtərəfli müstəvidə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair ortaq öhdəliyimizə sadiqliyimizi bir daha təsdiqlədik. Kamboca əvvəllər də Azərbaycanın ASEAN-da müşahidəçi statusu əldə etmək və ASEAN ölkələri ilə əlaqələrini inkişaf etdirmək səylərini dəstəkləmişdir.
İki ölkə arasında iqtisadi-ticari əlaqələrin şaxələndirilməsi, qarşılıqlı investisiya mühitinin stimullaşdırılması və potensial imkanların reallaşdırılması xüsusi diqqət mərkəzindədir. Ticarət dövrüyyəsinin həcmini artırmaq, sənaye, birgə istehsal və enerji təhlükəsizliyi kimi vacib sahələrdə layihələri reallaşdırmaq məqsədilə praktiki aspektlərə diqqət yetirəcək birgə işçi qrupunun yaradılması bu istiqamətdə atılan ən mühüm addımlardan biridir.
Azərbaycan və Kamboca arasında müdafiə və regional təhlükəsizlik məsələləri üzrə də müəyyən səviyyədə dialoq və məsləhətləşmələr davam etdirilir. Hər iki dövlət münaqişələr nəticəsində ciddi mina çirklənməsindən zərər çəkdiyi üçün minatəmizləmə sahəsində təcrübə mübadiləsi xüsusi aktuallıq kəsb edir. Kambocanın minatəmizləmə sahəsində qazandığı təcrübə ilə Azərbaycanın işğaldan təmizlənmiş ərazilərdə apardığı genişmiqyaslı minatəmizləmə fəaliyyətinin sintezi tərəflər üçün faydalı əməkdaşlıq imkanları açır.
Rahib Kərimov,
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru