23 iyun 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətində 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə RİH başçısı Vasif İmanov, YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov və dövlət qulluqçuları Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
Mecra.az xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov dövlət qulluqçularını əlamətdar gün münasibətilə təbrik edərək onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Natiq, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil və müasir dövlət qulluğu sisteminin yaradıldığını, “Dövlət qulluğu haqqında” 2000-ci il 21 iyul tarixli Qanun da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul edildiyini, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun tarixinin ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi təsis edildiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyət və insanlara xidmət imkanıdır” fikrini xatırladan V.İmanov bildirib ki, dövlət qulluğu vətəndaşlara xidmət missiyasını daşıyır və yüksək peşəkarlıq tələb edir. Bu istiqamətdə əməkdaşların üzərinə ciddi vəzifələr düşür və hər bir dövlət qulluqçusu bu istiqamət üzrə yüksək məsuliyyətlə çalışmalıdır.
Sonra YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov çıxış edərək qeyd ediblər ki, dövlət qulluqçularının peşə bayramı dövlət qulluqçularının cəmiyyətin ictimai–siyasi, sosial–iqtisadi həyatındakı roluna verilən ən yüksək qiymət olmaqla, həm də onları dövlət qulluğu prosesində daha fəal, əzmkar olmağa sövq edir. Respublikamızda dövlət qulluğunun təkmilləşməsi istiqamətində aparılan islahatlar və dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər dövlət qulluqçularına göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.
Yekunda dövlət qulluğunda fərqlənən əməkdaşlar Fəxri Fərmanla təltif olunublar. Təltif edilən dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğı ilə əlaqədar minnətdarlıqlarını bildirib və əmin ediblər ki, gələcək işlərini daha da səmərəli və effektiv quracaqlar.










👁 6 baxış
