Kreml Vahid Rusiya Partiyasının deputatlarını Ukraynadakı müharibədə qələbəyə və döyüş iştirakçılarının kütləvi şəkildə evə qayıtmasına hazırlaşmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” nəşri məlumat yayıb.
Rusiya lideri Vladimir Putinin Administrasiyasının nümayəndələri sözügedən partiyanın deputatları üçün xüsusi təlim seminarı təşkil ediblər.
Qeyd olunur ki, tədbirdə iştirak edən Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko hərbçilərlə sıx əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb:
“Döyüş iştirakçıları xüsusi əməliyyatdan anidən qayıtdıqda, hamı qələbəyə hazır olmalıdır”.
Bununla belə, seminar təşkilatçıları rusiyalı deputatların qələbəyə məhz necə hazırlaşmalı olduqları barədə heç bir konkret izahat verməyiblər. Kiriyenko deputatları xalqa daha yaxın olmağa səsləyib:
“Sıravi rusiyalılar deputatların sadə əhalinin problemlərindən uzaq, zəngin insanlar olduğunu düşünürlər”.