Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi yalnız onların iqtisadi və siyasi potensialı ilə deyil, həm də formalaşdırdıqları tərəfdaşlıq əlaqələrinin etibarlılığı, davamlılığı və qarşılıqlı maraqlara əsaslanması ilə müəyyən olunur. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji və iqtisadi təhlükəsizlik məsələlərinin aktuallaşdığı, beynəlxalq nəqliyyat-kommunikasiya marşrutlarının strateji əhəmiyyətinin artdığı bir şəraitdə dövlətlərarası əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət də ölkəmizin beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişafına, qlobal proseslərdə mövqeyinin möhkəmləndirilməsinə və regional əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir. Ölkə başçısının noyabrın 12–13-də İrlandiyaya işgüzar səfəri ölkəmizin Avropa dövlətləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən dəyirmi masada dövlətimizin başçısı respublikamızın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən söz açaraq qeyd etdi ki, Azərbaycan qazının Avropa bazarına ixracı son illərdə artıb və ölkəmiz Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaşlardan birinə çevrilib. Bununla yanaşı, bərpaolunan enerji, yaşıl enerji ixracı və nəqliyyat-logistika layihələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqətə çatdırıldı.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə münasibətlərinin inkişafında mühüm hadisə olmaqla, əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir.Bəyannamə Azərbaycan ilə Birləşmiş Krallıq arasında uzun illər ərzində formalaşmış münasibətlərin məntiqi davamı olmaqla, 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanır. Beləliklə, Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə çoxillik münasibətlərin yeni dövrün çağırışlarına uyğun olaraq daha geniş və çoxşaxəli müstəviyə keçidini təmin edən mühüm siyasi sənəddir. Müdafiə və təhlükəsizlikdən iqtisadiyyata, enerji və nəqliyyatdan təhsil və innovasiyaya qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq iki ölkənin qarşılıqlı maraqlarının və uzunmüddətli əməkdaşlıq niyyətinin ifadəsidir. Eyni zamanda, bu sənəd Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik xarici siyasətin, Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti təsdiqidir. Azərbaycanın regional və qlobal proseslərdə artan rolu, enerji və nəqliyyat təhlükəsizliyinə verdiyi töhfələr, iqtisadi və texnoloji potensialı ölkəmizi beynəlxalq əməkdaşlığın mühüm iştirakçılarından birinə çevirmişdir.
Cənab İlham Əliyevin həyata keçirdiyi praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın müxtəlif beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydaya söykənən münasibətlər qurmasına, regional və qlobal proseslərdə fəal iştirakına imkan yaradıb. Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmi olaraq yeni səviyyəyə yüksəldilməsi də bu siyasətin ardıcıl və məqsədyönlü xarakterini nümayiş etdirir. Bu tərəfdaşlıq Azərbaycanın Avropa ilə iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat təhlükəsizliyinə töhfəsinin artırılması, eləcə də elmi-texnoloji potensialının inkişafı baxımından mühüm imkanlar açır.
Rəfail Kərimov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı