İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan 153 layihə üzrə 2026-cı ilin ilk səkkiz ayında ümumilikdə 575.5 milyon manatlıq vəsaitdən ödəniş aparılmayıb.
Mecra.az Hesablama Palatasına istinadən xəbər verir ki, maliyyələşməyən layihələr 22 sifarişçi təşkilatı əhatə edib.
Ən böyük məbləğ “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin (PHŞ) payına düşüb. Qurumun yeddi layihəsinə nəzərdə tutulan 135.2 milyon manat üzrə ödəniş həyata keçirilməyib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) 16 layihəsi üzrə 112.7 milyon manat, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin beş layihəsi üzrə 60.8 milyon manat, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin 10 layihəsi üzrə 59.8 milyon manatlıq vəsaitdən də ödəniş edilməyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 23 layihəsi üzrə 58.9 milyon manat, “AzerGold” QSC-nin üç layihəsi üzrə 22.3 milyon manat, Mədəniyyət Nazirliyinin iki layihəsi üzrə 21.2 milyon manatlıq vəsaitdən də hesabat dövründə istifadə olunmayıb.
Müqayisə üçün, 2025-ci ildə 12 sifarişçinin 55 layihəsi üzrə nəzərdə tutulan 214.6 milyon manatlıq vəsaitdən ödəniş aparılmamışdı. Beləliklə, maliyyələşməyən layihələrin sayı təxminən 2.8 dəfə, müvafiq vəsaitin məbləği isə 2.7 dəfə artıb.
Hesablama Palatasının məlumatına görə, 2026-cı ilin ilk səkkiz ayında işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 1 milyard 534.9 milyon manat xərclənib. Bu, illik proqnozun yalnız 43.9 faizini təşkil edir.
Qurum hesab edir ki, mövcud vəziyyət ilin sonunda istifadə olunmamış vəsait qalığının yaranmasına, keçid layihələrinin artmasına və “Böyük Qayıdışa dair birinci Dövlət Proqramı”nın icrasının uzanmasına səbəb ola bilər.
Qeyd edək ki, 2027-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 3.4 milyard manat ayrılması nəzərdə tutulub. Bu, 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 100 milyon manat azdır. (Oxu.Az).