Azərbaycan Respublikası ilə Türkmənistan arasında münasibətlər qədim tarixi köklərə, ortaq mədəni irsə, dil və mənəvi dəyərlərə əsaslanır. Hər iki xalq türk dünyasının ayrılmaz hissəsi kimi əsrlər boyu dostluq və qarşılıqlı hörmət şəraitində yaşamış, bu ənənələr müasir dövrdə dövlətlərarası münasibətlərin formalaşmasına və inkişafına mühüm təsir göstərmişdir.
Müstəqillik illərində Azərbaycan və Türkmənistan arasında əlaqələr davamlı olaraq genişlənmiş, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli formalaşmışdır. Dövlət başçıları arasında mövcud olan səmimi münasibətlər ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə inkişafına güclü təkan vermişdir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına xidmət edir.
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçıları bəyanatlarında iki qardaş ölkə arasındakı çoxəsrlik tarixi-mədəni bağların əhəmiyyətini vurğulayaraq; regional təhlükəsizlik, nəqliyyat-logistika, enerji və işğaldan azad edilmiş ərazilərin bərpası sahələrində birgə addımların gələcək prioritetlərini diqqətə çatdırıblar. Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə keçirdiyi görüş iki qardaş ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni – strateji səviyyəyə yüksəldiyini növbəti dəfə nümayiş etdirdi. Bu gün Bakı və Aşqabad regional təhlükəsizliyin təmin olunmasında, iqtisadi inteqrasiyanın dərinləşməsində və nəqliyyat-logistika mərkəzlərinin formalaşmasında vahid mövqedən çıxış edir. Siyasi sahədə Azərbaycan və Türkmənistan arasında münasibətlər yüksək səviyyədədir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Regional və beynəlxalq məsələlərdə ortaq mövqelərin nümayiş etdirilməsi qarşılıqlı etimadın və tərəfdaşlığın göstəricisidir. Dövlətlər arasında formalaşmış siyasi dialoq münasibətlərin daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır.
Bakıda əldə olunmuş yüksək səviyyəli razılaşmalar və dövlət başçılarının nümayiş etdirdiyi qətiyyətli siyasi iradə yaxın gələcəkdə regionun iqtisadi mənzərəsini kökündən dəyişəcək. İki ölkə arasında formalaşan bu strateji ittifaq təkcə Bakı ilə Aşqabadın deyil, bütövlükdə Xəzər hövzəsi və Mərkəzi Asiya regionunun təhlükəsizliyinə, tranzit imkanlarının genişlənməsinə xidmət edir. Füzulidə ucalan qardaşlıq töhfəsi – məscid və sularda lövbər salan “Dostluq” tankeri bu sarsılmaz birliyin gələcək nəsillərə ötürüləcək ən parlaq miraslarıdır. Azərbaycan ilə Türkmənistanın atdığı müştərək addımlar böyük bir coğrafiyada sülhün, tərəqqinin və regional inteqrasiyanın ən etibarlı təminatçısı rolunu oynayır. Münasibətlərin bu yüksələn dinamikası fonunda gözlənilən dövlət səfəri əldə olunmuş razılaşmaları hüquqi müstəvidə möhkəmləndirərək, bu strateji tərəfdaşlığın institusional əsaslarını daha da sarsılmaz edəcək.
Elzamin Həsənov,
Pirallahı rayonu, 186 nömrəli tam orta məktəbin direktoru
👁 5 baxış
