Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması məqsədilə həyata keçirilən layihə yeni peşəkar inkişaf mərhələsinə keçir.
Mecra.az xəbər verir ki, bu mərhələdə Milli Müdafiə Universitetinin intellektual bölmələrinin əhatə dairəsi genişləndirilib və yüksək akademik nəticələrlə yanaşı, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika, proqramlaşdırma və digər müasir texnoloji istiqamətlər üzrə peşəkar səriştələr də seçim prosesində nəzərə alınır.
Eyni zamanda, çağırışçıların elektron müraciətlərinin qəbulu üçün portal istifadəyə verilib. Yeni yanaşmanın əsas məqsədi müasir müdafiə sisteminin artan texnoloji tələbləri fonunda xüsusi bilik və səriştələrə malik gənclərin potensialını aidiyyəti fəaliyyət istiqamətləri ilə uzlaşdırmaq və onların peşəkar imkanlarından daha məqsədyönlü istifadə etməkdir.
İntellektual bölmələr modeli çağırışçıların ixtisas profilini hərbi xidmətin real funksional ehtiyacları ilə uzlaşdırır.
İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və digər əlaqəli mühəndislik sahələri üzrə üstün hazırlığa malik gənclərin müvafiq struktur bölmələrə cəlbi onların mövcud peşəkar kompetensiyalarını xidmət dövründə praktik dəyərə çevirir. Eyni zamanda, bu yanaşma həmin kateqoriyadan olan gənclərə hərbi xidmət dövründə ixtisas üzrə təcrübə qazanmaq, yeni kompetensiyalar formalaşdırmaq və peşəkar inkişaflarını davam etdirmək imkanı verir.
Tətbiq olunan model xaricdə təhsil almış gənclər arasında hərbi xidmətə marağın artmasına, yerli ali təhsil müəssisələrinin tələbələri arasında isə yüksək akademik nəticələrə və peşəkar inkişafa yönələn sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir.
ali təhsil müəssisələri və təhsil proqramlarının məzunları (təhsilin Dövlət Proqramı və ya şəxsi vəsait hesabına maliyyələşdirilməsindən asılı olmayaraq);
– informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində “Advanced” və ya “Expert” səviyyəli nüfuzlu beynəlxalq sertifikatlardan birinə malik şəxslər (müvafiq siyahı portalın “Sənədlər” bölməsində yerləşdirilib);
– robototexnika, insansız sistemlər, süni intellekt, kibertəhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə ölkə və beynəlxalq səviyyəli olimpiada, yarış və müsabiqələrin qalibləri (müvafiq siyahı portalın “Sənədlər” bölməsində yerləşdirilib).
Müdafiə Nazirliyinin tabeliyində müddətli həqiqi hərbi xidmət keçəcək və müəyyən edilmiş seçim meyarlarına uyğun gələn çağırışçılar və ya onların ailə üzvləri Milli Müdafiə Universitetinin rəsmi internet saytının (mmu.edu.az) “İntellektual bölmələr” hissəsi vasitəsilə elektron müraciət edə bilərlər.
Vətəndaşlar ətraflı məlumatı müvafiq portalın “Sənədlər” bölməsindən əldə edə, zərurət yarandığı təqdirdə Milli Müdafiə Universitetinin Çağrı Mərkəzi – *0811 (iş günləri saat 09:00-dan 17:30-dək) ilə əlaqə saxlaya bilərlər. (Qafqazinfo).
