Ən yaşlı və ən gənc tələbə onlar oldu – FOTO

Ali təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən gənc abituriyentin 16 yaşı var.  Məmmədli Gülşən Rəşad qızı 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub.

Mecra.az-ın məlumatına görə, Modern.az-a danışan G.Məmmədli bildirib ki, tibb sahəsinə marağı uşaqlıq illərindən yaranıb.

Əvvəllər pediatr olmaq istəsə də, zaman keçdikcə tibbin müxtəlif istiqamətləri ilə maraqlanmağa başlayıb və nəticədə Stomatologiya ixtisasını seçib: “Uşaqlıqdan həkim olmaq istəmişəm. Əvvəllər uşaq həkimi olmağı düşünürdüm. Böyüdükcə gördüm ki, tibbin çoxsaylı sahələri var və hər birinin özünəməxsus dərinliyi mövcuddur. Stomatologiya qismətim oldu. İndi bu imkanı dəyərləndirmək istəyirəm”.

Ən gənc tələbə gələcəkdə təhsilini xaricdə davam etdirməyi də planlaşdırdığını qeyd edib: “Universiteti bitirdikdən sonra xaricdə özümü inkişaf etdirmək, daha sonra isə yenidən ölkəmə qayıtmaq istəyirəm”.

Gülşən Məmmədli qəbul imtahanına hazırlıq prosesinin intensiv keçdiyini deyib. Onun sözlərinə görə, məktəb dərsləri ilə yanaşı, repetitor yanında da hazırlaşıb: “Günə görə dəyişirdi. Bəzən üç saat, bəzən beş-altı, hətta yeddi saat hazırlaşırdım. Səhər və axşam vaxt tapdıqca dərs oxuyurdum. Ümumilikdə gündə orta hesabla beş-altı saat hazırlığa vaxt ayırırdım”.

Bakıda yaşayan Gülşən seçim zamanı Azərbaycan Tibb Universitetini də qeyd etdiyini, lakin qəbul nəticəsinə əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi olduğunu bildirib. O, Naxçıvanda təhsil almaq qərarında ailəsinin dəstəyinin mühüm rol oynadığını vurğulayıb: “Əlbəttə, Azərbaycan Tibb Universitetini də seçimlərim arasında yazmışdım. Qismətimə Naxçıvan düşdü. Valideynlərim mənə çox dəstək olurlar. Mən də bu şansı əldən vermək istəmirəm. Əsas odur ki, seçdiyim ixtisas üzrə – stomatologiya sahəsində təhsil alacağam”.

Azedu.az-ın məlumatına görə isə, builki ən yaşlı tələbə 58 yaşlı Hüseynov Elbrus İsmayıl oğludur.

O, subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olub.

E.Hüseynov qeyd edib ki, qrupun ən yaşlı tələbəsi olsa da, bunu problem kimi görmür və özünü gənclərin arasında gənc hiss edəcəyini düşünür: “Kollecdə mühəndislik üzrə təhsil almışam, qiymətlərim də yaxşı olub. Ondan sonra qərara gəldim ki, yenidən universitetə sənəd verim. Şükürlər olsun, qəbul oldum. Çalışacağam ki, həm işimə, həm də universitetdəki təhsilimə maneə yaratmadan təhsilimi başa vurum.

Azərbaycan Memarlıq və İnşaat Universitetində əyani təhsil alacağam. Qrupun ən yaşlı tələbəsiyəm, amma bunu heç bir problem kimi görmürəm. Özümü də həmin gənclərin içində gənc hesab edəcəyəm. Mənim ən böyük arzum həmişə tələbə olmaq idi. Lazım gələrsə, onlara köməklik göstərməyə də hazıram.

Oxumaq həvəsi məndə uşaqlıqdan olub. Atasız böyümüşəm. İmkansızlıqdan, düzdür, orta məktəbdə yaxşı oxumuşam, amma vaxtilə universitetin qapısını açmağa belə imkanım olmayıb. Amma uşaqlıqdan arzum olub ki, nəyin bahasına olursa-olsun, universitetə qəbul olum. O da bu ilə təsadüf etdi, şükürlər olsun.

Təhsilimi bitirdikdən sonra, Allah ömür versə, magistratura təhsilimi də başa vurmaq istəyirəm.

İnsan, birincisi, hər şeyə qadirdir. İkincisi də, həvəsdən düşmək lazım deyil. Görün, mən nə qədər çətinliklərlə qarşılaşmışam, atasız böyümüşəm… Bu qədər əzab-əziyyətin qarşısında qarşıma məqsəd qoymuşam ki, nə vaxtsa universitetə qəbul olacağam. İnsan qarşısına məqsəd qoyursa, tez və ya gec ona nail olmalıdır.

Ən yaşlı tələbə statusunda olmaq çox gözəl hissdir. Sevincimin həddi-hüdudu yoxdur, inanın. Nəvələrim bu xəbəri eşidəndə boynuma sarıldılar. Mənim üçün ən böyük xoşbəxtlik də nəvələrimin sevincini görmək oldu”.

👁 22 baxış