Əkizlər tələbə oldu – Bacılar eyni ixtisasda oxuyacaq

Xaçmaz rayonunun Niyazabad kəndindən olan əkiz bacılar – Selcan və Nurcan Əkbərovalar ali məktəbə qəbul zamanı eyni ixtisası seçərək tələbə adını qazanıblar.

Mecra.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlar 2015-ci ildə Niyazabad kənd tam orta məktəbinin birinci sinfinə gediblər. Təhsil müddətində eyni sinifdə oxuyan bacılar bu il həmin məktəbi bitiriblər.

Qəbul imtahanlarında II ixtisas qrupu üzrə iştirak edən Selcan 322 bal, Nurcan isə 317 bal toplayıb. Hər iki bacı Sumqayıt Dövlət Universitetinin Sosiologiya ixtisasına qəbul olub.

Əkizlərin anası Rəna Əkbərova bu hadisənin ailəni çox sevindirdiyini bildirib: “Məncə, bunun heç bir mənfi tərəfi yoxdur. Əksinə, müsbət tərəfləri çoxdur. Birinci sinifdən məktəbə bir yerdə gediblər, bir sinifdə oxuyub, bir məktəbi bitiriblər. İndi də eyni universitetdə bir yerdə olmaları bizim üçün ən yaxşı hadisədir. Özləri də bir-birlərinin həm bacısı, həm də rəfiqəsidirlər. Hər məsələdə eyni fikirdədirlər. Ona görə də eyni universitetə qəbul olmaları, bir yerdə eyni ixtisasda təhsil almaları ailəmiz üçün çox sevindirici haldır”.

Qeyd edək ki, ailədə dörd övlad var. Əkiz bacılar ailənin sonbeşikləridir. Onların anası Rəna Əkbərova xalçaçı, atası isə balıqçıdır.

***

Qax rayonundan olan əkiz qardaşlar da tələbə adı qazanıblar.

Bu barədə “Qafqazinfo”ya əkizlərin yaxını məlumat verib.

Belə ki, Ayxan Əliyev 367 balla Milli Müdafiə Universitetinə, əkizi Sərxan isə 374 balla Memarlıq və İnşaat Universitetinə daxil olub.

Qeyd edək ki, qardaşlar Qax şəhəri Tofiq İsmaylov adına 5 saylı tam orta məktəbin məzunudurlar.


👁 58 baxış