Laçın: işğaldan Böyük Qayıdışa uzanan yol

18 may 1992-ci il – Laçının işğal olunduğu tarix. Bu gün bizi həmin ağrılı gündən 34 ildən artıq zaman ayırır. Bu 34 ildən çox müddət ərzində Azərbaycan xalqı çox ağır sınaqlardan keçib. İşğalın acısını, müharibənin dəhşətlərini, şəhidlərimizin itkisini, məcburi köçkünlük ağrısını yaşadıq. Lakin bütün bunlarla yanaşı, Zəfərin sevincinə, azad edilmiş torpaqlara qayıdışa və Qarabağla Şərqi Zəngəzurun yenidən qurulmasına da şahidlik etdik.

Laçının işğalı Azərbaycanın yaxın tarixində yalnız daha bir rayonun itirilməsi deyildi. Bu hadisə hərbi-strateji baxımdan son dərəcə ağır nəticələr doğurdu. 1992-ci il mayın 8-də Şuşanın işğalından cəmi 10 gün sonra, mayın 18-də Laçın da Ermənistan tərəfindən işğal edildi. Laçının işğalı nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yarandı və “Laçın dəhlizi” adlandırılan bu yol Ermənistanın Qarabağdakı separatçı qüvvələrinə hərbi və digər təminatların çatdırılmasında mühüm marşruta çevrildi. Prezident İlham Əliyev də Laçının işğalının Azərbaycanın sonrakı ərazi itkilərinə zəmin yaradan strateji hadisələrdən biri olduğunu dəfələrlə vurğulayıb. Beləliklə, Şuşa və Laçının ardıcıl şəkildə işğalı Azərbaycanın müdafiə imkanlarını ciddi şəkildə zəiflətdi və Ermənistanın keçmiş Dağlıq Qarabağ bölgəsi ilə coğrafi əlaqəsinin formalaşmasına şərait yaratdı. Sonrakı mərhələdə Kəlbəcərin və digər ərazilərin işğalı ilə bu əlaqə daha da genişləndi.

Lakin tarix göstərdi ki, işğal əbədi ola bilməz. Azərbaycan dövləti illər ərzində həm diplomatik müstəvidə, həm də hərbi-siyasi və iqtisadi baxımdan öz gücünü artırdı. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. Laçının hərbi-siyasi yolla azadlığı da həmin Zəfərin mühüm nəticələrindən biri kimi Azərbaycan tarixində özünəməxsus yer tutdu. 2020-ci ilin sonunda Laçın rayonunun Azərbaycana qaytarılması ilə 28 ildən artıq davam edən işğal dövrü başa çatdı. Daha sonra 2023-cü ildə Azərbaycanın dövlət sərhədində nəzarətin tam bərpası ilə Laçın istiqamətində yeni reallıq formalaşdı və işğal dövrünün simvollarından birinə çevrilmiş “Laçın dəhlizi” tarixdə qaldı.

Bu gün Laçın artıq yalnız keçmişin ağrılı xatirəsi deyil. O, Azərbaycanın Zəfərindən sonra yaranmış yeni reallığın, dövlət gücünün və Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas məqsədi yalnız dağıdılmış şəhər və kəndləri yenidən qurmaq deyil, burada insanların təhlükəsiz, rahat və firavan yaşayışını təmin edən müasir şəhər mühiti yaratmaqdır. Laçında bu istiqamətdə görülən işlərin miqyası xüsusilə diqqətçəkəndir. Yeni yaşayış kompleksləri, məktəblər, tibb müəssisələri, inzibati və sosial obyektlər inşa edilir, mühüm infrastruktur layihələri həyata keçirilir. Laçın şəhərində xəstəxana, məktəblər və digər sosial obyektlər istifadəyə verilib. Rayonun enerji potensialından səmərəli istifadə məqsədilə bir sıra kiçik su elektrik stansiyaları fəaliyyətə başlayıb. Laçın Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması isə şəhərin və rayonun nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb.

Bütün bunların fonunda Laçında ən böyük hadisə isə, heç şübhəsiz, insanların doğma yurdlarına qayıtmasıdır. Çünki Böyük Qayıdışın mahiyyəti yalnız yeni binaların tikilməsində deyil, həmin binaların içində yenidən həyatın qurulmasındadır. Uzun illər məcburi köçkün həyatı yaşayan laçınlıların doğma şəhərlərinə və kəndlərinə qayıtması işğalın yaratdığı faciənin aradan qaldırılması istiqamətində ən böyük mənəvi qələbələrdən biridir.

Bu gün Laçın dəyişir. Onun küçələrində həyat canlanır, məktəblərində uşaqların səsi eşidilir, yeni müəssisələr fəaliyyət göstərir, yaşayış məhəllələri salınır. Bir vaxtlar işğal və dağıntı ilə assosiasiya olunan Laçın indi quruculuq, inkişaf və qayıdışın rəmzinə çevrilir. Bu mənada Laçının dirçəlişi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi Böyük Qayıdış siyasətinin canlı təcəssümüdür.

Bu gün Laçın azaddır. Azərbaycan bayrağı Laçında əzəmətlə dalğalanır, şəhərin və rayonun həyatına yeni nəfəs gəlir. Ən əsası isə Laçının əsl sahibləri öz doğma torpaqlarına qayıdırlar. Bu qayıdış şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, Azərbaycan Ordusunun rəşadəti və dövlətimizin illər ərzində apardığı məqsədyönlü siyasətin nəticəsidir. Laçının bu günkü siması bir həqiqəti bütün aydınlığı ilə göstərir: işğalın dağıtdığını Azərbaycan qurur, ayrılığın yaratdığı boşluğu Böyük Qayıdış doldurur, tariximizin qara səhifələrini isə Zəfərimizin parlaq səhifələri əvəz edir. Bu baxımdan Laçın, Azərbaycanın gücünün, iradəsinin və öz torpaqlarına qayıdış əzminin canlı simvoludur.

Bu böyük tarixi Qələbəyə görə şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, Laçının yenidən qurulmasına və Böyük Qayıdış prosesinə rəhbərlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsini və qətiyyətini isə heyranlıqla alqışlayırıq. Qarşıda duran əsas vəzifə isə bu Zəfəri davamlı inkişafla möhkəmləndirmək, Laçını daha da abadlaşdırmaq və onun gələcək nəsillər üçün firavan, müasir və daim yaşayan bir şəhər kimi inkişafını təmin etməkdir.

Yaqub Hüseynov

Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü