Azərbaycanın dövlət müstəqiliyini ilk tanıyan dövlətlərdən biri də Özbəkistan oldu. Bu tanıma təkcə siyasi münasibətlər yaradılması baxımından yerinə yetirilməmişdi. Bu, həm də çox qədim dövrlərdən yaranan, inkişaf etdirilən milli-mənəvi dəyərlərin doğmalığının nəticəsi idi. Yaranan münasibətlər təkcə siyasi münasibətlər deyildi, həm də ortaq dil, ortaq mədəniyyət, yaxın incəsənət baxımından diqqəti çəkirdi. Bu münasibətlər 35 ildir yüksələn münasibət kimi tarixləşməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkənin həyatında yeni bir tarix yazdı. Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi ilə başlayan səfərin əsas məqamlarından biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən təkbətək görüş , Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası olub. Dövlət başçılarının iştirakı ilə keçirilən görüşlər iki ölkə arasında münasibətlərin yalnız siyasi dialoq səviyyəsində qalmadığını, iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, təhsil, mədəniyyət və digər sahələrdə konkret əməkdaşlıq imkanlarının da gündəmdə olduğunu göstərir. Bundan başqa, səfərin siyasi və diplomatik baxımdan ən diqqətçəkən nəticəsi «Əbədi dostluq haqqında Müqavilə»nin imzalanmasıdır. Müqavilədə tərəflər münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf etdirmək niyyətlərini təsdiqləyirlər. Eyni zamanda, hər iki dövlət bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörməti əsas götürür. Bu müddəalar iki ölkənin münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmadığını, qarşılıqlı təhlükəsizlik və siyasi dəstəyin də bu münasibətlərin mühüm hissəsinə çevrildiyini göstərir.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin yalnız siyasət və iqtisadiyyatla məhdudlaşmır. İki xalqın dilinin, mədəniyyətinin və ortaq dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi xüsusilə önəmlidir. Təhsil, elm, turizm, gənclər və mədəniyyət sahələrində əlaqələrin genişlənməsi xalqları bir-birinə daha da yaxınlaşdıracaq. Regionlar və şəhərlər arasında birbaşa münasibətlərin qurulması isə bu dostluğun daha da davamlı olmasına xidmət edəcək. Bakı və Daşkənd arasında formalaşan bu münasibətlər yalnız iki dövlətin deyil, daha geniş regionun gələcək inkişafına təsir göstərmək potensialına malikdir. Bu gün Azərbaycan və Özbəkistan bir-birinə sadəcə dost və qardaş ölkələr kimi deyil, həm də ortaq regional baxışları, tamamlayıcı iqtisadi imkanları və uzunmüddətli strateji maraqları olan tərəfdaşlar kimi çıxış edirlər. Prezident cənab İlham Əliyevin səfərin sonunda Prezident Şavkat Mirziyoyevə Azərbaycan dövlətinə səfər etmək dəvəti də bu münasibətlərin davamlılığının və qarşıdakı mərhələdə daha da dərinləşdiriləcəyinin mühüm siyasi mesajıdır. Bakı ilə Daşkənd arasında möhkəmlənən tərəfdaşlıq bir daha göstərir: qardaşlıq üzərində qurulan etimad, siyasi iradə və konkret iqtisadi layihələrlə möhkəmləndikdə regional gücə çevrilə bilir.
Səadət İsmayılova,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 9 baxış
