Azərbaycan ilə Özbəkistan arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli platformalarda intensiv inkişaf edir

Əhalisi 38 milyonu aşan, geostrateji mövqeyi, dərin kökləri olan tarixi, zəngin mədəni dəyərləri və iqtisadi potensialı ilə Özbəkistan Orta Asiyada əsas ölkədir. Özbəklər Türküstanın Türk cümhuriyyətləri arasında dilləri və ədəbiyyatları ən geniş şəkildə öyrənilən Orta Asiya respublikalarından biridir. Müasir Özbəkistan şərqdə Tacikistan və Qırğızıstan, qərbdə və şimalda Qazaxıstan, cənubda isə Əfqanıstan və Tacikistanla həmsərhəddir. Aral dənizi Qazaxıstan və Özbəkistanın ərazisində yerləşir. Amudərya çayının bir hissəsi onun Türkmənistanla sərhədini təşkil edir. Özbəkistan əsrlər boyu türk mədəniyyətinin və folklorunun inkişafının beşiyi olmuşdur.

Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin   müstəsna xidmətləri olmuşdur. Azərbaycan və Özbəkistan ortaq dil, tarix və mədəniyyətə əsaslanan güclü strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinə malikdir. İki ölkə arasında siyasi, ticarət-iqtisadi və mədəni sahələrdə əlaqələr ildən-ilə surətlə genişlənir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə almışdır. Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir.

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi xətti mühüm yer tutur. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. Dünyada cərəyan edən ziddiyyətli proseslər və mövcud geosiyasi reallıqlar fonunda bu, böyük əhəmiyyət daşıyır. Ortaq dəyərlərə və üst-üstə düşən strateji maraqlara malik ölkələrimiz bir-biri ilə sıx inteqrasiya edir. Bu kontekstdə Azərbaycanla Özbəkistan arasında əlaqələrin davamlı olaraq genişlənməsi də böyük məmnunluq doğurur. Azərbaycan və Özbəkistan münasibətlərində son illərdə müşahidə olunan dinamika göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq ənənəvi diplomatik çərçivədən çıxaraq konkret iqtisadi və strateji məzmun qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində iqtisadi-ticari əlaqələrə xüsusi diqqət yetirməsi də məhz bu reallığı əks etdirir. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sektorda əməkdaşlıq da davamlı olaraq genişlənir.

Azərbaycan və Özbəkistan üzv və iştirakçı olduqları bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Bütün bunlar isə dostluq və qardaşlığın göstəricisidir.

Mehparə Mansırova,

Pirallahı rayonu, 243 nömrəli tam orta məktəbin direktoru

👁 6 baxış