Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı bir çox aktual məsələlərlə bağlı Azərbaycanın yanaşmasını ortaya qoyub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq televiziyalara müsahibəsində ölkədə və regionda, eyni zamanda dünyada baş verən hadisələrə, o cümlədən Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunaraq, önəmli mesajlar verir. XII Qlobal Bakı Forumu qlobal miqyasda aktual olan məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq platformalardandır. Bu Forumda dünyanın müxtəlif ölkələrindən olan 50-dən artıq sabiq və hazırkı dövlət və hökumət başçılarının iştirakı onun əhəmiyyətini sübut edir.
Hazırkı dövrdə dünya sabitlikdən çox xaosa doğru gedir. Münaqişələr artır, qlobal siyasi və iqtisadi balans dəyişir. Azərbaycan isə realist yanaşma sərgiləyərək milli maraqlarına uyğun siyasət yürüdür. Sülh sazişləri olmadan sabitliyin mümkün olmadığını, beynəlxalq təşkilatların zəiflədiyini və ölkələrin öz taleyinin sahibi olduğunu qəbul etmək lazımdır. Geosiyasi transformasiya hələ yenicə başlayıb və yaxın illər bu prosesin hansı istiqamətdə inkişaf edəcəyini göstərəcək. Mühüm olan, baş verən dəyişikliklərə uyğun strategiya formalaşdırmaq və milli maraqları prioritet tutmaqdır.
Forum Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzunu və balanslı xarici siyasətini nümayiş etdirir. Xüsusilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, qlobal təhlükəsizlik və humanitar məsələlər Forumun gündəmində əsas yer tutur. Eyni zamanda, Forum Azərbaycanın çoxvektorlu xarici siyasətinin praktiki təzahürüdür. Burada ABŞ, Avropa, Asiya və Afrika ölkələrinin nümayəndələrinin iştirak etməsi Azərbaycanın qlobal dialoq üçün etibarlı və neytral platforma olduğunu sübut edir. Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq arenadakı mövqeyini və strateji baxışlarını bir daha nümayiş etdirdi. O, ölkəmizin müstəqil siyasət yürütdüyünü, regionda sülh və sabitlik üçün mühüm addımlar atdığını vurğuladı. Bu müsahibə Azərbaycanın uğurlarını dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, ölkənin davamlı inkişaf yolunda olduğunu da göstərdi. Güclü iqtisadiyyat, dayanıqlı enerji strategiyası və sülhə yönəlmiş diplomatiya siyasəti sayəsində Azərbaycan regionun lider dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Şübhəsiz ki, gələcəkdə Azərbaycan daha da möhkəmlənəcək, beynəlxalq əməkdaşlıqlar genişlənəcək və xalqın rifahı yüksələcək. Ölkəmizin qlobal səviyyədə güclənən nüfuzu, əldə edilən nailiyyətlər və irəli sürülən innovativ təşəbbüslər bizi daha parlaq bir gələcəyə aparacaq.
Kamal Quluzadə,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
