13 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başladı. Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak etdilər. İllərdir davam edən bu Forum öz səviyyəsi və iştirakçı portfelinin genişliyi ilə bu il də diqqət çəkdi. Ölkə başçımızın da qeyd etdiyi kimi, Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Onların hər biri böyük təcrübəyə və biliyə malikdirlər.
Dövlətimizin başçısı Forumun açılış mərasimində iştirak edərək geniş nitqlə çıxış etdi. Çıxış bir çox başlıqları əhatə etməklə yerli və xarici medianın, o cümlədən beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi. Çıxışın əsas önə çıxan başlıqlarını aşağıdakı kimi sıralamaq olar: Azərbaycanın enerji siyasəti və yaşıl keçid; geosiyasi vəziyyət və Cənubi Qafqazda sülh təşəbbüsləri; Azərbaycana yönəlik dezinformasiya kampaniyaları; Azərbaycanın ABŞ-la münasibətləri və sanksiyalar; Ermənistanın təhlükəli silahlanması və Fransa’nın rolu.
Prezident İlham Əliyevin açılış mərasimindəki nitqində səsləndirdiyi “Bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz” ifadəsi beynəlxalq arenada Azərbaycanın mövqeyinin aydın bir göstəricisidir. Bu sözlər, həmçinin Azərbaycanın haqlı mübarizəsi və beynəlxalq hüququn, ədalətin müdafiəsi üçün daim gücünü əsirgəməyəcəyini ifadə edir. Son illərdə Azərbaycanın regiondakı və beynəlxalq miqyasda apardığı siyasət də məhz bu prinsiplərə əsaslanır. Sülh və ədalət uğrunda aparılan mübarizədə güc və təzyiq təbii hallardan biridir. Azərbaycanın bu məsələlərdə öz müstəqil və qətiyyətli mövqeyini qoruması, həm də ölkənin beynəlxalq aləmdə özünə olan hörmətini artırır.
Məlumdur ki, 2020-ci ildə Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinə qədər düz 27 il əzəli torpaqlarımız erməni işğalı altında qalmışdı. Bu işğala, nə dünyanın güc mərkəzləri, nə beynəlxalq təşkilatlar, nə də özlərini ədalət carçıları kimi təqdim edən dövlətlər səs çıxarmamışdı. Çox güman ki, əgər biz öz canımızla, qanımızla torpaqlarımızı azad etməsəydik, daha bir 27 il torpaqlarımız işğal altında qalmağa davam edəcəkdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qarabağın qeyri-şərtsiz azad edilməsi ilə bağlı dörd Qətnaməsi olmasına baxmayaraq, Ermənistanın işğalı heç bir vəchlə pislənməmiş, onlara qarşı heç bir sanksiya cəhdi olmamışdır. Bu, beynəlxalq ədalətin hansısa maraqların qurbanı olduğunun açıq sübutudur. Təəssüf ki, bu gün də bu tendensiya davam edir. Azərbaycana beynəlxalq hüquq dərsi keçməyə cürət edən, Ermənistandan “sülh göyərçini” yaratmaq arzusunda olan bəzi dövlətlər, ən başda da Fransa, Ermənistanın sülh danışıqları apararkən bir tərəfdən də sürətlə silahlanmasını nəinki pisləmir, hətta bunda xüsusilə canfəşanlıq göstərir. Eyni zamanda, Avropa monitorinq missiyası kimi nəyə xidmət etdiyi aydın olmayan qruplar da bu prosesdə effektiv rol oynayır. Beləliklə, bu gün Ermənistanın sülh danışıqlarındakı mövqeyi tamamilə sual altındadır. Onların sülh üçün çalışdığı və ya yeni müharibə üçün vaxt qazanma naminə imitasiya xarakterli danışıqlar apardığı hələ ki məlum deyil. Lakin necə də olsa onlar Azərbaycanın dəmir yumruğu qarşısında acizdirlər. Çünki nə qədər silah, tank, top, tüfəng olsa da sonda döyüşü aparan, bayrağı sancan əsgərdir. Bizim isə Vətən naminə canından keçməyə hazır olan minlərlə, on minlərlə, yüz minlərlə igid oğul və qızlarımız var. Bu igidlər olduğu müddətdə Vətən torpağının bir qarışı belə düşmənə yar ola bilməz.
Çıxışının yekunlarına doğru dövlətimizin başçısı vurğuladı ki, Forumda yeni geosiyasi vəziyyət müzakirə olunacaqdır. Bu müzakirələr, dünya miqyasında artan qeyri-müəyyənliklər və dəyişən güc balansları kontekstində, beynəlxalq əməkdaşlığın inkişafı və sülhün təmin edilməsi üçün vacib olan yeni yanaşmaları ortaya qoyacaqdır. Forumda iştirak edən nüfuzlu siyasi xadimlər və ekspertlər bu müzakirələrin nəticəsi olaraq, daha ədalətli və sabit dünya düzəninin qurulması üçün konkret addımlar atılmasının vacibliyini qeyd etdilər.
Xəyalə Cavanşirli,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
👁 baxış
