Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub.
Mecra.az xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 6 hektardan çox olan ərazidə xəstəxana kompleksinin əsas binası, əlavə korpuslar, həmçinin yardımçı tikili və qurğular inşa edilir. Xəstəxana kompleksində inzibati bölmə, qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR, pediatriya və digər şöbələr fəaliyyət göstərəcək. Burada, həmçinin funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələrinin yaradılması nəzərdə tutulur. Xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz ediləcək.
***
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib.
“Komfy” MMC-nin direktoru Fuad Nəcəfov müəssisə barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, “Komfy” MMC-yə 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin illik istehsal gücü 130 min ədəd döşəkdir. Burada müxtəlif ölçüyə, konstruksiyaya və sərtlik dərəcəsinə malik döşəklərlə yanaşı, bonel və paket yay sistemləri də istehsal olunacaq. Müəssisədə Azərbaycanda ilk dəfə “roll-pack” formatında, yəni sıxılaraq rulon şəklində qablaşdırılan döşəklər istehsal ediləcək. Bu, daşınma xərclərini azaltmaqla ixrac imkanlarını genişləndirəcək. Beləliklə də məhsulların daxili bazarla yanaşı, digər ölkələrə satışı nəzərdə tutulur.
Müəssisə yerli və xarici hotellərin tələblərinə uyğun döşəklər də istehsal edəcək. Burada 65 nəfər daimi işlə təmin ediləcək. Ümumi dəyəri 2,5 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dövlət zəmanəti ilə 700 min manat kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 114 min manat dəyərində əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə yaradılmış Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Burada 37 rezident və 2 qeyri-rezident olmaqla, ümumilikdə 39 müəssisə qeydiyyata alınıb. Layihələrin ümumi dəyəri 375,5 milyon manat, faktiki yatırılmış investisiyanın məbləği 192,6 milyon manatdır. Layihələr üzrə hazırda 1000-dən çox insan işlə təmin olunub. Rezidentlərin ümumi satış həcmi 2,96 milyard manata, ixracın həcmi isə 132,6 milyon manata çatıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Sənaye Parkında “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.
“Almet Holding” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsisçisi Şirin Camallı dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, əsas təsisçisi “Almet Holding” ASC olan “ASMC” MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat olan birinci mərhələnin maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. İkinci mərhələ üzrə 16,1 milyon manat investisiya nəzərdə tutulur. Sənaye Parkının rezidenti kimi müəssisə 470 min manat dəyərində əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumlarından azad olunub.
Təqribən 1,7 hektar ərazidə yerləşən zavodda polad həsir, tikanlı, çəkilmiş, yanmış və sinklənmiş məftil və mismar istehsal olunacaq. Birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edəcək. İkinci mərhələdə isə illik 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır.
Müəssisənin istehsal etdiyi polad həsir, məftil və mismar azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərində geniş istifadə edilən materiallardır. Bu məhsulların bölgədə istehsalı tikinti layihələrinin materialla yerindən təminatına və daşınma xərclərinin azalmasına imkan yaradır.
İtaliya, Almaniya, Türkiyə və Çinin aparıcı şirkətlərinin avadanlığının quraşdırıldığı müəssisədə məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Hazırda burada 26 nəfər çalışır. Müəssisə tam gücü ilə işə düşəndən sonra daimi iş yerlərinin sayı 100-ə çatdırılacaq.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin ölkənin iqtisadi məkanına reinteqrasiyası istiqamətində dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Sənaye parklarında yaradılan infrastruktur, vergi və gömrük güzəştləri, Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli maliyyələşmə və zəmanət mexanizmləri özəl sektorun regiona investisiya yatırmasını stimullaşdırır.
























