Cəlilabad rayonuna toxumluq kartof hər il kütləvi şəkildə Rusiyadan gətirilir. Rayonun torpaq-iqlim şəraiti nəzərə alınaraq fermerlər tərəfindən əsasən “Udaçi” (Удача), “Kemirov” / “Kembirov” (Кемеровский), “Sverdlov” (Свердловский) bol məhsul verən Rusiya mənşəli kartof toxumu sortlarına üstünlük verilir.
Bunlar cəlilabadlı fermerlərin əkin zamanı müntəzəm olaraq istifadə etdikləri toxum növlərindəndir. Bu sortlar tezyetişmə xüsusiyyətlərinə görə seçilir ki, bu da Cəlilabad kartofunun yaz fəslində tezdən yetişərək həm yerli bazara, həm də elə Rusiyanın özünə vaxtında ixrac edilməsinə şərait yaradır.
Rayonun Muğan kənd sakini, fermer Kamal Şahbazov Mecra.az-a açıqlamasında ötən illə müqayisədə bu il yol və gömrük xərclərinin artdığını bildirib:
“Ötən il də toxumluq kartof 1.20, 1.30 qəpiyə satılırdı və bu ildə qiyməti kənd sakinlərinin maddi vəziyyətinə görə, qaldırmamışıq. Lakin bu il gömrük və yol xərcləri artıb. Təkcə elə yolpulu 1000 AZN bahalaşıb. Ötən il kartofun hər kloqramına görə 20 qəpik qazanc edirdik. Amma bu il kartofun kiloqramında bizə 3, 5 qəpik qazanc qalır”.
K.Şahbazov deyib ki, əkilən toxumluq kartof vaxtında 40, 50 qəpiyə satılır:
“1.20 qəpiyə toxum alan vətəndaş həm toxumunun pulunu çıxarmalıdı, həm də qazanc etməlidir. Biz yenə də çalışırıq ki, toxumluq kartofun qiyməti bahalaşmasın. Çünki onu əkib-becərən vətəndaşın da vəziyyətini başa düşmək lazımıdır”.
Qeyd edək ki, Cəlilabadda yetişdirilən və ölkənin ən böyük kartof istehsalı potensialına malik olan yazlıq (faraş) kartof məhsulu əsasən Rusiya Federasiyasına ixrac edilir
Dövlət Aqrar İnkişaf Mərkəzi və yerli fermerlərin məlumatlarına əsasən, Cəlilabad kartofunun ixrac olunduğu ölkələr Rusiya, Gürcüstan, Belarus, Qazaxıstan, Ukrayna və Moldovadır. Rayonda istehsal olunan kartofun böyük hissəsi (təxminən 50-80%-i) daxili tələbatı ödəməklə yanaşı, birbaşa xarici bazarlara yönəldilir.
Vasif ƏLİHÜSEYN
