Qadın yaradan, yaşadan və qoruyandır   

Qadın ilahi qüvvə, müqəddəs varlıqdır, alilik, ülvilik timsalıdır. Qadın yaradan, yaşadan və qoruyandır, bəşəriyyətə zinət, insanlığa şöhrətdir. Qadın gözlərə işıq, qəlblərə yaraşıqdır. O, bəşər tarixinin qızıl sətirləri, şah əsəridir. Ana Vətən, Vətən isə Ana deməkdir. Hələ ibtidai icma quruluşu dövründə zərif cinsin nümayəndələri cəmiyyətin aparıcı qüvvəsi, qəbilə başçısı, ailənin ən nüfuzlu və hörmətli üzvü olub. Bu müqəddəs varlıq xeyirxahlıq və ədalət rəmzi kimi qəbul edilib. Əfsanəvi cəngavər qadınlarımız həmişə ərənlərimizlə birgə hünər göstəriblər. İradəli, əqidəli analarımız Vətənin dar günündə ömür-gün yoldaşlarına arxa durub, sipər olublar. Onlar çətin anlarda kişi paltarı geyinib, qeyrət libasına bürünüblər. Həyat yoldaşlarına yürüş məqamında at minib, silaha sarılıblar. Tarixi faktlar sübut edir ki, dünyanın bütün ölkələrində qadınlar dini mənsubiyyətindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, həmişə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıblar.

Qarşıdan 8 mart- Beynəlxalq Qadınlar Günü gəlir. Bu tarix qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının səbəblərinin xatırlanması üçün xüsusi gündür. 8 mart Qadınlar Gününün tarixi 1857-ci ilə söykənir. Belə ki, həmin il martın 8-də ABŞ-ın Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçilərinin nümayişi keçirilib. Qadınlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirlər. Bu hadisədən 53 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 martın “Dünya Qadınlar Günü” olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir.

Azərbaycanda qadına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, zərif cinsin nümayəndələri bu gün kişilərlə bərabər idarəçilikdə, ictimai təşkilatlarda, dövlət qurumlarında təmsil olunur, rəhbər vəzifələr tuturlar. Cəmiyyətin aparıcı hissəsinə çevrilən qadınlar ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edirlər. Qadınlarımız Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində misilsiz xidmətlər göstərirlər. Bütün bunlar Azərbaycan qadınının cəmiyyət həyatında rolunun daha da artdığını göstərir. Gender bərabərliyinin təmin edilməsi ilə bağlı diskussiyalar aparsaq da, qadına olan münasibət, qayğı qadına sevgi ilə ifadə olunub. Bu gün Azərbaycan qadınları Azərbaycan cəmiyyətinin qayğı obyektidir, eyni zamanda bütövlükdə cəmiyyətimizin inkişafının əhəmiyyətli hissəsini öz üzərinə götürən və funksiyanı layiqincə yerinə yetirən vətəndaşlarımız kimi formalaşıblar. Qadınlar cəmiyyətin aparıcı qüvvəsi olaraq çıxış edirlər. Bir sıra sahələrdə qadınlar aparıcı rol oynayırlar. Elmdə, təhsildə qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən xeyli yüksəkdə dayanır. Qadınların intellektual səviyyəsi kifayət qədər yüksəkdir. Qadınlar Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verən böyük resursdur. Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardır. Bu gücün, bu qüvvənin qüdrətini və təsir dairəsini nəzərə almamaq mümkün deyil.

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi ulu öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Məhz Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (hazırda həmin komitə 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır) yaradılıb. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sağlam mühitin, sağlam ailənin təminatı olan qadınların cəmiyyətdəki müstəsna əhəmiyyətini tərənnüm edən dahi Hüseyn Cavidin bir beyti yadıma  düşür:

Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

 Elzamin Həsənov,

Pirallahı rayonu, 186 nömrəli tam orta məktəbin direktoru

👁 baxış