Adın şərəflidir sənin ey qadın!

Azərbaycan xalqının böyük şairi Səməd Vurğun “Adın şərəflidir sənin ey qadın. Dahilər anası çağrılır adın!” adlı iki misrasında qadın haqqında dəyərlərin möhürünü vurmuşdur. Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Bu gün 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. 1910-cu ildə sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.

Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq etmişdir.Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar.Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər.

Ölkəmizdə dövlət – qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.   Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır. Dövlət qadın siyasətinin cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.

Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. İndi Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar–bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

 

Anar Babayev,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

👁 baxış