Xəbər verdiyimiz kimi, Bakıda vəkil özünü yandıraraq öldürüb. Hadisə bu gün saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının yanı) qeydə alınıb. Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb. Zaur Məmmədov vəkil mantiyasını geyinərək intihar edib.
Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Məcra.az Musavat.com-a istinadən xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib.
“Sonuncu dəfə cümə günü whatsapp vasitəsilə danışmışam. Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi” – o, paylaşımda qeyd edib.
Aşur Bədəlsoy bildirib ki, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib:
“Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum… Xəbəri yayıldı…”