Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə başlanılıb. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub.
Dövlətimizin başçısı cənab İlham Əliyevin tədbirləri sayəsində Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur.
Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub və 2025-ci il mayın 10-da açılmışdır. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.
Bu məqsəddən ötrü ölkəmizin bütün potensialı səfərbər olunub. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. Ağdam şəhərində yaşayış komplekslərinin, o cümlədən 5-ci yaşayış kompleksində çoxsaylı binaların və mənzillərin tikintisi sürətlə aparılır. Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində yüzlərlə ailə artıq məskunlaşıb. Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində də tikinti işləri davam etdirilir.
Fəxri Həsənov,
Cəlilabad rayonunda məskunlaşmış Ağdam rayon sakini