Ağdam şəhəri və Ağdam rayonu Azərbaycanın mədəni həyatında, musiqi həyatında, ictimai-siyasi, elmi həyatında müstəsna xidmətləri olan, inkişaf etmiş rayonlarımızdan biri olub.
Azərbaycan Respblikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb. Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.
Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edərək vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran Prezidentimiz rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.
Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.
Azadlığına qovuşmuş şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir.
Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Son illər ərzində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər.
Rəxşəndə Qasımova,
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil
sektorunun aparıcı məsləhətçisi