“Böyük vədlərlə başlamaq istəməzdim” – Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama

XƏBƏR XƏTTİ
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzində – FOTOLAR•Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada – FOTOLAR•Prezident Vyetnamın Baş naziri ilə görüşdü – FOTOLAR•“Böyük vədlərlə başlamaq istəməzdim” – Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama•“Atlant”ın rəhbəri vəfat etdi•Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı – Axtarış aparılır•Həkimin villasında dava – Bağban 74 yaşlı sürücünü bıçaqladı•“Ailələrin dağılmasının əsas səbəbkarı valideynlər olur, hər işə qarışırlar”•Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzində – FOTOLAR•Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada – FOTOLAR•Prezident Vyetnamın Baş naziri ilə görüşdü – FOTOLAR•“Böyük vədlərlə başlamaq istəməzdim” – Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama•“Atlant”ın rəhbəri vəfat etdi•Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı – Axtarış aparılır•Həkimin villasında dava – Bağban 74 yaşlı sürücünü bıçaqladı•“Ailələrin dağılmasının əsas səbəbkarı valideynlər olur, hər işə qarışırlar”•

“Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olundum. Mənə göstərdiyi etimada görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

Mecra.az xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin “Facebook” hesabındakı paylaşımında yer alıb.

“Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm.

Dünən DİM-də doğma kollektivimlə sağollaşdım. Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi ürək rahatlığı ilə həmkarlarıma həvalə edirəm.

1999-cu ildə ilk dəfə internet vasitəsilə vətəndaşlara məlumat çatdırdığımız günləri yaxşı xatırlayıram. O vaxt bu, bizim üçün həm yenilik idi, həm də çətin bir iş. Sonralar da belə işlərdən çəkinmədik. İstəyirdik ki, ölkənin harasında yaşamasından asılı olmayaraq, hər kəs imtahanın qaydalarını aydın bilsin, lazım olan məlumatı özü tapa bilsin və nəticəsinə etibar etsin. Bu işə hamımız könlümüzü qoyduq.

İlk illərdən yanımda olan həmkarlarıma da, son illərdə bizə qoşulanlara da ürəkdən təşəkkür edirəm. Yeni həmkarlarımızın “Bunu başqa cür edə bilərikmi?” sualı ilə başlayan neçə söhbətimiz sonradan birgə gördüyümüz işə çevrildi. İllərin təcrübəsi ilə onların həvəsi bir araya gələndə mən özüm də çox şey öyrəndim. Sizinlə işləməkdən həmişə zövq almışam. Bu gün bunu bir daha demək istədim.

Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır.

Universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır.

İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm”, – paylaşımda deyilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt