“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Resöublikasının Prezidenti cənab İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.
Həmin ilin noyabrın 23-də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın bayrağını qaldırıb.
Ağdam şəhərinin erməni işğalından azad olunması 30 il davam edən Qarabağ həsrətinə son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Vətən müharibəsindəki böyük zəfərimizin şanlı hissəsidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.
Ağdamın işğaldan azad edilməsi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan xalqının iradəsi və qəhrəman ordusunun gücü ilə əldə edilən bir qələbədir. Belə də olmalı idi. Çünki Ağdam, yalnız Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət və tarix baxımından mühüm bir şəhəri olmuşdur.
Pərvanə Hüseynova,
Cəlilabad rayon sakini, şəhid Ramazan Hüseynzadənin anası