Marta Pleys 1898-ci ildə 17 yaşlı ögey qızı İdanı sirkə ilə vəhşicəsinə öldürdü və növbəti il elektrik stul tərəfindən edam edildi. Uğursuz keçmişi ilə Marta elektrik stulla edam edilən ilk qadın oldu.
Məcra.az Lent.az-a istinadən xəbər verir ki, 1849-cu il sentyabrın 18-də Nyu Cersidə anadan olan Marta Qarretson normal həyat sürürdü. O, ailə olub və bir oğlu da dünyaya gəlib. Lakin həyat yoldaşı uşaqlarına baxmayaraq evi tərk edib və sonra dünyasını dəyişib. Tək başına mübarizə apara bilməyən Marta oğlunu övladlığa verməli oldu.
Marta daha sonra Uilyam Pleys adlı dul bir kişi üçün qulluqçu kimi işləməyə başladı. Kişinin İda adlı 17 yaşlı gənc qızı da var idi. Uilyam və Marta arasındakı münasibət sonda sevgiyə çevrildi və tezliklə evləndilər. Ancaq bu evlilik də xoşbəxtliklə keçmədi. Əvəzində Marta ögey qızını çox qısqanırdı.
1898-ci ilin iyulunda Marta Pleysin qətli ilə bağlı məhkəmə zamanı “New York Times“ yazırdı: “O, ərinin qızını ondan daha çox sevdiyini hiss etdi və onun qısqanclığı tez bir zamanda kiçik qıza qarşı nifrətə çevrildi. Qız böyüyüb gözəl bir qadına çevrildikcə və ona getdikcə daha çox qarşı çıxdıqca, onun nifrəti aktiv forma almağa başladı”.
Çox keçmədən Marta Pleysin İdaya qəzəbi şiddətə çevrilir. 1898-ci il fevralın 7-də səhər Uilyam və Marta arasında dava düşdü və evin kiçik qızı atasının tərəfini tutdu.
“The New York Times“ xəbər verir ki, Marta Pleys polisə deyib: “Qız həmişə olduğu kimi atasının tərəfini tutdu və mən ərimlə danışmağa gedəndə otağının qapısını üzümə çırpdı. Bu məni əsəbiləşdirdi, ona görə də ərimin masasından sirkə turşusu götürüb onun üzünə atdım”.
O, daha sonra İdanın otağından çıxıb. Lakin sonradan aparılan müayinə, Pleysin hücumu davam etdirdiyini müəyyən etdi. İda ağrıdan qıvrılarkən, həkimlər Pleysin onun üzərinə paltar yığaraq boğmasından şübhələniblər.
Marta üçün hər şey bitməmişdi. O, baltanı götürüb axşama qədər əri Uilyamı gözlədi və axşam evə gələndə Uilyamı da balta ilə yaraladı. Uilyam qan içində kömək üçün ağlayaraq küçəyə qaçanda, Marta mətbəxə qaçıb və qazı yandıraraq özünü öldürməyə çalışıb. Bu zmaan polis gəlib onu həbs edib. Tezliklə Marta Pleysin sensasiyalı məhkəməsi başladı.
Məhkəməsinin sonunda Marta Pleys birinci dərəcəli qətldə təqsirli bilinib və ölüm cəzasına məhkum edilib. Onun vəkili cəzanı yüngülləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Elektrikli stul üsulu yenicə istifadə olunduğundan və ilk dəfə bir qadına hökm oxunduğundan Martanın cəzası da mətbuatda çox işıqlandırılmışdı.
1899-cu il martın 20-də Marta tikdiyi qara paltarı geyinib edam otağına getdi. Orada Pleysin qadın olması cəlladlar üçün bəzi maneələr yaratdı. Onun qalın, ağarmış saçlarını qırxmaq lazım idi ki, alnına elektrodlar qoyulsun. Uzun ətəyini isə kəsdiriblər ki, elektrodlar topuqlarına rahat yerləşdirilsin.
Kresloda oturan Marta son sözünü dedi: “Allah mənə kömək olsun”. Sonra cəllad bədəninə 1760 volt elektrik cərəyanı yüklədi. Bir neçə saniyə sonra Marta Pleys 49 yaşında öldü.
“The San Francisco Call” Martanın edam edilməsi ilə bağlı bunları yazıb: “Bu ştatda ölümə məhkum edilən sonuncu qadın qışqıraraq və döyüşərək dar ağacına getdi, lakin Miss Pleys demək olar ki, heç bir səs-küy yaratmadı”.