Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Rəşad Dağlının qardaşı Ağamalı Əmirov ifadə verib.
O, ifadəsində Rəşadın ondan polisə aparmasını istədiyini vurğulayıb.
“Rəşad mənə zəng edib dedi ki, gödəkcəmi gətir. Öz gödəkcəsi su idi. Evdən aşağı düşəndə gördüm ki, Rəşad yoxdu. Zəng elədim açmadı. 1-2 saat sonra Rəşad mənə zəng edib “Məni polisə apar” dedi. Nə olduğunu anlamadım. Rəşad şokda idi. Mənə dedi ki, bir də gördüm İsgəndər qan içindədi”.
Rəşadın qardaşı İsgəndərin ona zəng ediyini açıqlayıb:
“İsgəndər hadisədən öncə mənə mesaj yazıb Rəşadı soruşurdu. Mən də cavab vermirdim. Sonuncu dəfə yazdı ki “Rəşadla əlaqə yaratmalıyam. Sonra gec olacaq”. Mən Rəşada deyəndə vecinə almadı. Noyabrın 2-si onu bloka atdım yaza bilmədi. Rəşad heç vaxt bıçaq gəzdirməzdi. Hətta mənə də deyirdi ki, bıçaqla işin olmasın”.
Digər şahid Yaşar Abdullayev Rəşad Dağlının bıçaq aldığı obyektin sahibidir:
“Rəşad mənim müştərim olub. Bıçağı aldığı zaman mən obyektdə olamamışam. Elə bıçaqdır ki, hər yerdə satılır. Amma satmaq üçün xüsusi bir icazəm yoxdur. Hadisədən sonra bilmişəm ki, həmin bıçaq mənim obyektimdən alınıb”.
Şahidlərdən digəri Azər Quliyev deyib ki, mərhum İsgəndər onun telefonu ilə Rəşad Dağlıya zəng edib:
“Hadisədən təxminən 1 ay qabaq məclisdə idik. İsgəndər Mehdiyev məndən konturum olduğunu soruşdu mən də verdim telefonu. Rəşad Dağlıya zəng edirdi. Zəng edib onunla görüşmək istədi. Rəşada “Telefonluq məsələ deyil, üzbəüz danışmalıyıq” dedi. Və telefonu söndürdü. Gerisindən xəbərim yoxdur”.
Məhkəmənin növbəti iclası 9 iyuna təyin edilib.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.