“Ulu öndər Heydər Əliyevin milli dövlətçilik təfəkkürü inkişafımızın sarsılmaz təməlidir”

Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları neçə illərdir ki, uğurla həyata keçirilir. Bu illər ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin qurduğu təməl üzərində yeni-yeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin qorunmasına çox mühüm önəm verilir.

Respublikamız ən çətin məqamlarda – 1993-cü ildə özünün xilas yolunu müdrik rəhbərimizin dərin zəkası, uzaqgörənliyi sayəsində tapdı, onun göstərdiyi yolla gedərək ən qorxunc siyasi və iqtisadi böhranların məngənəsindən qurtardı.  Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlər, şəxsi mənafeyini  güdən dırnaqarası xadimlər onun böyük zəhmət bahasına yaratdığı təmələ ağır zərbə vurdular, ancaq onu yıxa bilmədilər. Prezident Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan həmin müdhiş bəlalardan xilas oldu, ölkəmizin müstəqilliyi, əmin-amanlıq və sabitlik qorunub saxlanıldı, ölkəmizin daxili və xarici siyasəti, haqq işi dünya miqyasında müdafiə edildi.  Heydər Əliyev sözün müstəqim mənasında xalqımızı bəlalardan qurtardı,  inkişafımızın yolunda yeni bir mərhələni bina etdi. Bu tarixi gerçəkliyi bütün dünya qəbul edir və bu həqiqət xalqını, millətini məmləkətini sevən hər bir azərbaycanlının qəlbində tükənməz qürur hiss doğurur və gələcək nəsillərimiz də daim bu duyğu ilə yaşayacaqdır.

Hazırda Ulu öndərin milli təfəkkürü sayəsində müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. Dünya və Avropa birliyində nüfuzu getdikcə artan, planetin üzərində yaşayan xalqların ailəsində siyasi və iqtisadi imicini daim möhkəmləndirən respublikamız bu gün Cənubi Qafqazın ən stabil, siyasi cəhətdən sabit, iqtisadiyyatca güclü ölkəsidir.

Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik təfəkkürü tariximizdə möhtəşəm hadisədir, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməl olmuşdur. İndi  respublikmızın hər sahədə qazandığı uğurlara görə  birinci növbədə Heydər Əliyev dühasına minnətdarıq. O, doğma xalqın milli şüurunu dirçəldərək  onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı.

 

Vüsal Kazımov,

“Azərpoçt” MMC Cəlilabad Regional Poçt filialının rəisi

PAGE TOP