Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.
Rəsmi İrəvan erməni xalqına qarşı da cinayətlər törədib – əgər Ermənistan Azərbaycan torpaqlarından vaxtında öz xoşu ilə çıxsaydı, onlar bu qədər böyük faciə yaşamazdılar. Müharibədən əvvəl Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə demişdi ki, əgər Ermənistan rəhbərliyi öz xoşu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək torpaqlarımızdan çıxarsa, müharibə təbii ki, istisna ediləcəkdir. Ancaq ermənilər bunu etmədilər.
Ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var – vəhşilik. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi məhv ediblər. Dövlətimizin başçısı diqqəti növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi, Prezidentimiz dünya ictimaiyyətinə çox mühüm mesajlar çatdırdı.Xocalı ilə bağlı gerçəklikləri bir daha bütün dünyaya bəyan etdi. Prezident növbəti dəfə bildirdi ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır.Törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Törətdiyi bütün cinayətlərə görə düşmən beynəlxalq müstəvidə cavab verməlidir. Mənfur düşmən Azərbaycanın yaşayış məntəqələrini dağıtmışdır. Vandallar işğal dövründə bütün binaları sökmüş və talamışlar. Bütün dünya bu erməni vəhşiliyi haqqında məlumatlandırılmalıdır.
Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Düşmənçilik Ermənistana çox baha başa gəldi. Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz.
İlqar Nədirov,
Şəhid Kənan Nadirlinin atası