İcra başçısı şəhid leytenantın ailəsini ziyarət etdi – FOTO

Bu gün Cəlilabadın Eçara kəndində şəhid leytenant Əkbərli Hüseyn Zakir oğlunun anım günü qeyd olunub.  

Mecra.az xəbər verir ki, bu  münasibətilə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Cəlilov Eçara kəndində şəhidimizin ailəsini ziyarət edib.

Görüş zamanı şəhid Hüseyn Əkbərlinin əziz xatirəsi dərin ehtiramla yad edilib, onun Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs olunub.

İcra başçısı şəhid ailəsinin qayğıları ilə yaxından maraqlanaraq, onların müraciət və təkliflərini dinləyib, dövlətimizin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğının hər zaman davam etdirildiyini vurğulayıb. Şəhidimizin ailə üzvləri göstərilən diqqətə və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Hüseyn Zakir oğlu Əkbərli 21 iyul 1993-cü ildə Cəlilabad rayonunun Eçara kəndində dünyaya gəlib. 2000-ci ildə birinci sinifə Eçara kənd tam orta məktəbində başlayıb. 2008-ci ildə 9-cu sinifi bitirərək, Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olub və buranı çox yüksək qiymətlərlə, elmi dərəcəylə bitirib. Daha sonra zabit kimi hərbi hissəyə təyinat alıb. Qazax rayonunda – ön cəbhədə yerləşən hərbi hissədə xidmət edib.Müdafiə Nazirliyinin məlumatına görə, 2017-ci iyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 24 yaşlı leytenant Hüseyn Əkbərli şəhid olub.

Uğur ƏLİHÜSEYN

👁 76 baxış