8 Noyabr – Zəfər Günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub.
Mecra.az xəbər verir ki, görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Emil Şəmmədov, həmçinin Vətən müharibəsi iştirakçıları Taleh Hüseynov, Ziya Quliyev, Ramal Babaşov və Kamran İbrahimov iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən bəhs ediblər. Onlar gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin, milli-mənəvi dəyərlərə və Vətənə bağlılığın qorunmasının vacibliyini vurğulayıblar.
Görüş zamanı Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolu, cəbhədə yaşadıqları xatirələr və qazanılmış tarixi Zəfərin əhəmiyyəti barədə şagirdlərə məlumat veriblər. Şagirdlər qəhrəmanların çıxışlarını maraqla dinləyib, onları maraqlandıran sualları ünvanlayıblar.






