Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Mecra.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, RİH aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, bu möhtəşəm Qələbənin Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin və sarsılmaz iradəsinin təntənəsi olduğunu vurğulayıb.
Rafiq Cəlilov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımız işğaldan azad olunaraq ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bildirilib ki, Zəfər tariximiz xalqımızın yaddaşında əbədi yaşayacaq, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı daim ehtiramla anılacaq.
Çıxış zamanı şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının əhəmiyyəti vurğulanıb, onların daim diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd edilib.
Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən digər natiqlər də 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi həmrəylik və qəhrəmanlıq nümunələrindən bəhs edərək, bu
Qələbənin gələcək nəsillər üçün qürur və vətənpərvərlik mənbəyi olduğunu bildiriblər.
