Cəlilabad rayon Əli Kərimov adına Gülməmmədli kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Kənan Vəliyev III ixtisas qrupu üzrə keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanında topladığı 687,8 balla Lənkəran-Astara iqtisadi rayonunun ən yüksək nəticə göstərən abituriyenti olub. Kənan əldə etdiyi yüksək göstərici ilə regionun ən uğurlu məzunlarından biri kimi diqqət çəkib.
Mecra.az xəbər verir ki, “Azərbaycan müəllimi” ilə təəssüratlarını bölüşən Kənan o anı bu gün də eyni həyəcanla xatırlayır:
“Balımın bu qədər yüksək olduğunu öyrəndiyimdə həqiqətən çox sevindim. Bunu sözlə ifadə etmək çətindir”.
Onun sözlərinə görə, bu nəticə təsadüfi deyil, sistemli hazırlığın və davamlı sınaqların məntiqi nəticəsidir. İmtahan öncəsi iştirak etdiyi sınaqlar həm vaxt idarəetməsini, həm də psixoloji sabitliyi formalaşdırıb:
“İmtahana qədər müxtəlif sınaq imtahanlarında iştirak etmişdim, buna görə də stresi və zamanı düzgün idarə edə bilirdim”.
Kənan nəticəsini əvvəlcədən hiss etdiyini də gizlətmir. Onun üçün hədəf aydın olub:
“Yüksək nəticə gözləyirdim, çünki çox hazırlaşmışdım. Ən azı 680+ bal gözləyirdim. Bu uğur təkcə mənim zəhmətimin nəticəsi deyil, həmçinin üzərimdə əməyi olan müəllimlərimin və ailəmin uğurudur. Onların mənə dəstəyi danılmazdır”.
Olimpiada uğurları: bilik yolunun paralel zirvəsi
Kənan yalnız imtahan nəticələri ilə deyil, həm də olimpiada nailiyyətləri ilə seçilir. O, müxtəlif illərdə bir neçə nüfuzlu bilik yarışında yüksək nəticələr əldə edib.
2024-cü ildə Naxçıvan Muxtar Respublikasında keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsində qızıl medal qazanıb. 2025-ci ildə isə həmin olimpiadada gümüş medal əldə edib.
Bununla yanaşı, zonalararası keçirilən “Xarıbülbül” (və ya “Zəfər”) olimpiadasında da uğurlar qazanıb: 2024-cü ildə III yer, 2025-ci ildə isə II yerə layiq görülüb.
Kənan hesab edir ki, olimpiadalar da imtahanlar qədər vacib təcrübə qazandırır:

“Olimpiadalar üçün əlavə enerji, güc və inam lazımdır. Hər bir şagirdə universitet imtahanlarından əlavə olimpiadalarda da iştirak etməyi tövsiyə edirəm”.
Gələcək hədəf: hüquq və ədalət yolu
Kənanın gələcək planları artıq formalaşıb. Onun məqsədi hüquq sahəsində təhsil almaq və ədalət prinsiplərinə xidmət edən bir peşə sahibi olmaqdır:
“Gələcəkdə hakim olmaq istəyirəm, çünki insanlarımızın haqlarını qorumaq istəyirəm. ADA Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almaq istəyirəm”.
O, uğurun arxasındakı əsas amilin əzm və özünəinam olduğunu düşünür və həmyaşıdlarına belə tövsiyə verir:
“Çox çalışsınlar, heç vaxt ruhdan düşməsinlər və özlərinə “Mən bacaracam”, – desinlər. Özünəinam olduqda uğur qaçılmazdır”.
👁 78 baxış
