Perspektivli əməkdaşlıq istiqamətləri

Qlobal siyasi arxitekturanın yenidən formalaşdığı, yeni çoxqütblü dünya düzəninin daha da dərinləşdiyi bir dövrdə dövlətlər öz maraqlarını təmin etmək və beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün çoxvektorlu siyasət həyata keçirirlər. Dördüncü sənaye inqilabının yaratdığı yeni texnoloji çağırışlar, dəyişən iqtisadi-siyasi güc balansı ölkələrin daha çevik və əhatəli xarici siyasət aparmasını zəruri edir. Bu baxımdan, Azərbaycan Respublikasının Avrasiya ölkələri, o cümlədən Vyetnam Sosialist Respublikası ilə münasibətləri xüsusi strateji önəm daşıyır. Azərbaycanla Vyetnam coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşsə də, iki ölkə arasında qarşılıqlı münasibətlər dövlətlərin siyasi qətiyyətinə və cəmiyyətlərin istəyinə uyğun olaraq uğurla inkişaf edir. Diplomatik münasibətlərin qurulduğu son otuz ildən artıq bir müddətdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, o cümlədən energetika, müdafiə sənayesi, ticarət, mədəni-humanitar və digər sahələrdə müsbət nəticələr əldə edilib

Cənab İlham Əliyev mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycan ilə Vyetnam arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini əhatəli şəkildə dəyərləndirdi. Dövlət başçısının fikirləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dövlətlərarası əməkdaşlığın genişləndiyini bir daha təsdiqləyir.

İki ölkənin dost xalqlarının bir-birinin zəngin mədəni irsinə və ənənələrinə böyük marağı var. Hazırda Vyetnamda təhsil alan azərbaycanlı tələbələrin sayının artması münasibətlərin humanitar aspektdə inkişaf etdiyini sübut edir, onların gələcəkdə bu ölkənin ictimai və iqtisadi həyatında fəal rol oynayacağına şübhə yoxdur. Vyetnamın təbii gözəllikləri və zəngin mədəni irsi böyük turistik potensiala malikdir. Bu dövlətin turizm sahəsində təcrübəsi Azərbaycan üçün yeni imkanlar yarada bilər. Dövlətimizin başçısının vurğuladığı kimi, Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək.

Ölkə başçısı müsahibə zamanı iki ölkə arasında münasibətlərin hər bir aspektinə toxunaraq, inkişafın nəinki iqtisadi sahədə, eyni zamanda mədəniyyət, humanitar və təhsil sahələrində də müsbət dinamikasını vurğuladı. Hər iki ölkənin zəngin mədəni irsi, qədim ənənələri və multikultural cəmiyyəti bu istiqamətdə əməkdaşlığın qurulmasında stimullaşdırıcı rol oynayır. Xüsusilə, Heydər Əliyev Fondunun əlaqələndirilməsi və təşkilatçılığı ilə təhsil sahəsində mühüm əhəmiyyət kəsb edən işlər görülüb. Ümumiyyətlə, Azərbaycan–Vyetnam münasibətlərini regionlararası əməkdaşlığın uğurlu nümunəsi kimi adlandırmaq olar. Müxtəlif mədəniyyətlərə, coğrafiyalara və tarixi təcrübələrə malik olmalarına baxmayaraq, iki ölkə arasında formalaşmış qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər hər zaman sülhün, təhlükəsizliyin, sabitliyin carçısı olan Azərbaycanın xalqlar arasında münasibətlərin inkişafına verdiyi dəyətin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektrolu xarici siyasət Azərbaycanın Asiya-Sakit okean regionu ilə, o cümlədən Vyetnamla əlaqələrinin daha da dərinləşəcəyinə və yeni müstəvidə strateji tərəfdaşlığın yaranacağını ortaya qoyur.

     Əli Kərimov,

     Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri

 

 

👁 baxış