2025-ci il mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnamın rəsmi xəbər agentliyi olan “Vietnam News Agency”yə verdiyi müsahibəsində Azərbaycan–Vyetnam münasibətlərinə dair əhəmiyyətli məqamları vurğulamış, iki ölkə arasında dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikirlərini bölüşmüşdür. Bu müsahibə, ölkələrarası əlaqələrin inkişafında yeni mərhələyə keçidin xəbərçisi olmaqla yanaşı, iki xalq arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin bir daha təsdiqi kimi qəbul olunmuşdur. Cənab Prezident İlham Əliyev müsahibədə vurğulamışdır ki, Azərbaycan və Vyetnamı bir çox ortaq dəyərlər birləşdirir: suverenlik, ərazi bütövlüyünə hörmət və sülhə əsaslanan beynəlxalq münasibətlərə sadiqlik. O, qeyd etmişdir ki, hər iki ölkə tarix boyu müstəqillik və inkişaf uğrunda ciddi mübarizələr aparmış, bu baxımdan xalqların taleyində oxşarlıqlar mövcuddur. Bu ortaq tarix, bugünkü əməkdaşlıq üçün möhkəm təməl rolunu oynayır.
Azərbaycan və Vyetnam arasında diplomatik, iqtisadi və mədəni əlaqələr zamanla inkişaf edən və qarşılıqlı maraqlara əsaslanan dost münasibətlərdən ibarətdir. Hər iki ölkə, müxtəlif coğrafi bölgələrdə yerləşməsinə baxmayaraq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri çərçivəsində əməkdaşlıq edir. Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Həmin vaxtdan bəri, qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi müşahidə olunur. Hər iki ölkə beynəlxalq qurumlarda bir-birini dəstəkləyərək əməkdaşlığı dərinləşdirirlər. 2019-cu ildə Vyetnam Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Bakı Sammitində fəal iştirak etmişdir. İqtisadi sahədə də əməkdaşlıq potensialı mövcuddur. Azərbaycan, enerji resursları ilə tanınan bir ölkə kimi, Vyetnamla enerji, nəqliyyat və aqrar sahələrdə əməkdaşlıq imkanlarını araşdırır. Eyni zamanda, Vyetnamın tekstil, kənd təsərrüfatı və istehsal sahəsindəki təcrübəsi Azərbaycan üçün maraq kəsb edə bilər. Hər iki ölkənin iş adamları arasında forumların keçirilməsi, ticarət dövriyyəsinin artırılmasına yönəlmiş addımların atılması bu sahədə perspektivli nəticələr vəd edir. Mədəni əlaqələr də ölkələr arasında dostluq münasibətlərinin inkişafında mühüm rol oynayır. Tələbə mübadiləsi, mədəniyyət günləri və sərgilər vasitəsilə xalqlar bir-birinin tarixi, mədəniyyəti və ənənələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Bu cür təşəbbüslər, xalqlar arasında qarşılıqlı anlayış və hörmətin artmasına xidmət edir. Azərbaycan və Vyetnam arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə daha da genişlənmək üçün möhkəm təmələ malikdir. Diplomatik, iqtisadi və mədəni sahələrdə atılan addımlar hər iki xalqın rifahı və beynəlxalq səviyyədə daha sıx əməkdaşlıq üçün mühüm rol oynayır.
Prezident İlham Əliyevin “Vietnam News Agency”yə verdiyi bu müsahibə, Azərbaycan–Vyetnam münasibətlərinin dərinləşdirilməsi istiqamətində siyasi iradənin nümayişi olmaqla yanaşı, bu əlaqələrin gələcək inkişaf perspektivlərinə dair aydın yol xəritəsi təqdim etmişdir. Bu müsahibə iki ölkə arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edən vacib bir diplomatik addım kimi tarixə düşəcəkdir.
Şəbnəm Eldarova,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi
👁 baxış
