Azərbaycan-Gürcüstan dostluğu qarşılıqlı inam və siyasi həmrəylik nümunəsidir

Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan həm qlobal, regional, həm də regionlar arası əməkdaşlıq və beynəlxalq münasibətlərin faydalı şəkildə qurulması sahəsində yeni uğurlara imza atmağa davam edir. Regional əməkdaşlıq və tərəfdaşlıqda Gürcüstan ilə qurulan münasibətlər bu baxımdan xüsusilə faydalıdır. Cari ilin 16 aprel tarixində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş və mətbuata verilən birgə bəyanat, dövlətlərimiz arasında strateji xarakter daşıyan münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini bir daha aydın şəkildə ortaya qoydu.

Hazırkı mərhələdə Azərbaycan-Gürcüstan münasibətləri yalnız regional siyasi maraqlar çərçivəsində deyil, həm də Avrasiya məkanında formalaşan yeni geoiqtisadi düzən fonunda daha geniş strateji çərçivədə təhlil olunmaqdadır. Məhz bu kontekstdə dövlət başçımızın  bəyanatı, regional inteqrasiya və çoxtərəfli əməkdaşlıq üçün yol xəritəsi kimi dəyərləndirilməlidir. Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir və hər iki ölkə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük önəm verir. Siyasi, iqtisadi, hərbi, enerji, ticarət, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş nailiyyətlər bu tərəfdaşlığın geniş və möhkəm əsaslar üzərində qurulduğunu sübut edir. Azərbaycan-Gürcüstan münasibətləri demək olar ki, həyatın bütün sahələrini əhatə edir. Təhsil və mədəniyyət sahələrində əməkdaşlıq xalqlar arasında inteqrasiyanı artırır, turizm isə iqtisadi əlaqələrin inkişafına təkan verir. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.

Azərbaycan-Gürcüstan dostluğu qarşılıqlı inam və siyasi həmrəylik nümunəsidir. İki ölkə arasında mövcud olan əməkdaşlıq modeli ortaq maraqlara əsaslanan, real nəticələr verən və gələcək inkişaf üçün geniş perspektivlər vəd edən tərəfdaşlığa çevrilib. Mixeil Kavelaşvilinin Prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi isə bu münasibətlərin həm rəmzi mənasını, həm də real gücünü bir daha təsdiq edir. Cənubi Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasında Bakı və Tbilisinin rolu getdikcə artmaqdadır. Məhz bu kontekstdə liderlər səviyyəsində ifadə olunan siyasi iradə, gələcəkdə də bu strateji tərəfdaşlığın davamlı olacağına, çoxtərəfli əməkdaşlıq mexanizmlərinin daha da dərinləşəcəyinə və regionda sabit, praqmatik və inteqrasiyaedici gündəliyin formalaşmasına xidmət edəcəyinə dair güclü siqnaldır.Bu səfər ikitərəfli münasibətlərin daha da irəliyə aparılması istiqamətində növbəti addım kimi səciyyələndirilə bilər və yeni uğurlu proqramların icrasına möhkəm zəmin yaradır.

Emin Süleymanov,

 Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

 

 

👁 baxış