Gürcüstan–Azərbaycan dostluğu və strateji tərəfdaşlığı: xüsusi və nümunəvi model

2025-ci il aprelin 16-da Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili ilk rəsmi xarici səfərini Azərbaycana etmişdir. Bu səfər, Gürcüstan və Azərbaycan arasında əsrlərə söykənən dostluq münasibətlərinin bu gün də strateji əməkdaşlıq müstəvisində uğurla davam etdiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevlə keçirilən görüş zamanı siyasi, iqtisadi və regional məsələlər ətrafında əhatəli fikir mübadiləsi aparıldı. Lakin tam əminliklə demək olar ki, bu əməkdaşlıq yalnız bu günün siyasi iradəsinə deyil, həm də tarixi bağlara və ortaq maraqlara əsaslanır.

Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamış, ticarət yolları, mədəni əlaqələr və sosial münasibətlər vasitəsilə bir-birinə sıx bağlanmışdır. Orta əsrlərdə İpək Yolunun mühüm hissəsi olan Qafqaz regionu bu iki ölkə arasında intensiv ticarət və mədəniyyət mübadilələrinin mərkəzinə çevrilmişdi. Tarixən Şərq və Qərb arasında körpü rolunu oynayan bu region, müxtəlif sivilizasiyaların qovşağı olub. XX əsrin sonlarında hər iki ölkənin müstəqillik qazanması ilə Azərbaycan–Gürcüstan münasibətləri yeni mərhələyə qədəm qoydu. 1990-cı illərdən bəri qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq modeli formalaşmışdır.

Bu gün Azərbaycan və Gürcüstan regional sabitliyin və inkişafın aparıcı qüvvələrindən biri kimi çıxış edirlər. İkitərəfli münasibətlərin əsas sütunlarından biri enerji, nəqliyyat və ticarət sahələrində həyata keçirilən irimiqyaslı layihələrdir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum boru kəmərləri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi nəhəng layihələr regionun strateji əhəmiyyətini daha da artırır.

Gürcüstan ərazisindən keçən Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kəmərləri Xəzər dənizindən çıxarılan Azərbaycanın neft və qaz ehtiyatlarının dünya bazarına təhlükəsiz şəkildə çıxarılmasında mühüm rol oynayır. Bu layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Onlar Qafqaz regionunu qlobal enerji təhlükəsizliyinin mərkəzinə çevirərək, Avropa və Asiya arasında etibarlı enerji dəhlizi yaradır.

Bakı–Tbilisi–Qars dəmir yolu isə yalnız iki ölkəni deyil, eyni zamanda Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizinə çevrilmişdir. “Orta Dəhliz” adlanan bu marşrut üzrə BTQ xətti, Çinlə Avropa arasında yüklərin sürətli və təhlükəsiz daşınmasına şərait yaradır. Beləliklə, Azərbaycan və Gürcüstan regionun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrin önündə gedirlər.

Tarixi dostluq təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Təhsil, mədəniyyət və sosial sahələrdə əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindəndir. Hər iki ölkə həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Gürcüstan Prezidenti səfəri zamanı Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstəyini bir daha ifadə edib. Eyni zamanda, Azərbaycan Prezidentinin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməsi səbəbilə ona təşəkkür edib. Bu qarşılıqlı dəstək regionda sülh və sabitliyin qorunmasında mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, Prezident Mixeil Kavelaşvilinin Azərbaycana ilk rəsmi səfəri sadəcə diplomatik xarakter daşımır, eyni zamanda Azərbaycan–Gürcüstan münasibətlərinin tarixi davamlılığının və gələcəyə yönəlmiş strateji hədəflərinin parlaq təzahürüdür. Bu tarixi dostluq bu gün konkret layihələr və əməkdaşlıq mexanizmləri ilə daha da dərinləşərək, Qafqaz regionunda nümunəvi əməkdaşlıq modelinə çevrilmişdir. XXI əsrdə Azərbaycan və Gürcüstan regional əməkdaşlığın və dayanıqlı inkişafın bariz nümunəsi olaraq birgə addımlamağa davam edir.

Kamal Quluzadə

Pirallahı Rayon İcra Hakimiyyətinin

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı

👁 baxış