Azərbaycan – qlobal məkanda regional güc

Aprelin 9-da paytaxtımız Bakı şəhəri daha bir beynəlxalq tədbirə – “Yeni dünya nizamına doğru”   mövzusuna həsr olunmuş 7-ci ADA Siyasi Forumuna  ev sahibliyi edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu Forumunda iştirak edərək geniş məzmunlu çıxış edib. Bu tədbir Azərbaycanın siyasi, iqtisadi, humanitar platformada nə qədər uğurlu olduğunu növbəti dəfə təsdiqlədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasət beynəlxalq ictimaiyyətin diqqətindədir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Bu gün dünya düzəninin tez-tez dəyişildiyi, qlobal proseslərin dövlətlərin taleyinə, suverenliyinə, sərhədlərinin silinməsinə, müstəqilliklərinin zəifləməsinə gətirib çıxaran hadisələrin intensviləşdiyi müasir dövrümüzdə bəşəriyyətin gələcəyi ciddi narahatlıq doğurur. Hazırda dünya siyasətçilərini, beynəlxalq strateji araşdırmalar mərkəzlərini düşündürən məsələ qlobal hadisələrin və çağırışların formalaşdığı müasir dövrümüzdə milli varlığın qorunması, dövlətlə cəmiyyətin qarşılıqlı inkişaf problemlərinin həlli yollarını tapmaqdır. Bu yolun istiqamətinin və xarakterinin dərk edilməsi bütünlükdə bəşəriyyətin varlığı üçün önəmli problemdir. Politoloqların vurğuladıqları kimi, müxtəlif sahələri əhatə edən qloballaşma sosial proses yox, siyasətin funksiyasıdır. Dəyişikliklər isə dünyada ictimai münasibətlər sistemində ziddiyyətlərin yaranmasına səbəb olur. Sivilizasiyanın taleyinin mədəniyyətlər arasında kompromisin tapılıb-tapılmayacağından asılı olduğunu iddia edənlər də vardır.

Azərbaycan uzun illərdir ki, beynəlxalq münasibətlərdə öz rolunu fəal şəkildə gücləndirir, mühüm tədbirlərin və təşəbbüslərin təşkilatçısı kimi çıxış edir. Avropa və Asiyanın kəsişməsində yerləşməsi ölkəmizi dialoq üçün əlverişli məkana çevirir. Əlbəttə, bu gün müasir dünya qlobal siyasətin, iqtisadiyyatın və cəmiyyətin bütün aspektlərinə təsir edən dərin dəyişikliklər dövrünü yaşayır. Rəqəmsallaşma və texnoloji irəliləyişlər qlobal iqtisadiyyatı və rabitəni kökündən dəyişdirir. Süni intellekt, blokçeyn və digər yeniliklər inteqrasiya proseslərini sürətləndirməklə yanaşı, həm də dünya üçün kibertəhlükəsizlik, məlumatların qorunması və resursların ədalətli bölüşdürülməsi kimi yeni problemlər yaradır. Eyni zamanda, iqlim dəyişikliyi, demoqrafik dəyişikliklər, miqrasiya və pandemiya ölkələr arasında daha sıx əməkdaşlıq tələb edir. Buna görə də, qlobal problemlərin daha effektiv həlli üçün qlobal miqyasda dialoqun aparılmasına həmişə zərurət var. Azərbaycan yürütdüyü siyasət ilə sübut edir ki, geosiyasi dəyişikliklərin özü ilə gətirdiyi yeni çağırışlara adekvat cavab vermək potensialına malikdir. Coğrafiya tale olaraq qalır, lakin XXI əsrdə tale öz hüdudlarından daha geniş düşünə bilənləri də sevir. Azərbaycan məhz belə düşünən və siyasət yürüdənlərdəndir.

Fazil Məhəmmədov,

Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

 

👁 baxış