Müasir dövrdə dünyada mövcud olan mürəkkəb geosiyasi proseslər, qlobal problemlər və çağırışlar dövlətlər arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə dialoqun təşviqi və ortaq həll yollarının tapılması məqsədilə təşkil olunan beynəlxalq tədbirlərin rolu əvəzolunmazdır. Bu kontekstdə də Qlobal Bakı Forumu artıq dünya miqyasında nüfuz qazanmış mühüm platformaya çevrilib. Forum, müxtəlif dövlətlərin liderlərini, nüfuzlu siyasətçiləri, beynəlxalq təşkilatların rəhbərlərini, tanınmış ictimai xadimləri və ekspertləri bir araya gətirərək, qlobal gündəmin aktual məsələlərinin müzakirəsinə şərait yaradır.
Son vaxtlarda ölkə başçısı cənab İlham Əliyev son illərdə Avropanın və dünyanın aparıcı informasiya agentliklərinə müxtəlif müsahibələr verib. Növbəti müsahibə martın 13-də Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu zamanı növbəti dəfə Avropanın ən tanınmış televiziya kanallarından olan “Euronews” televiziyasına verilib. Kanalda yayımlanan müsahibədə bir sıra önəmli məqamlara toxunub. Azərbaycan lideri XII Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha vurğulayaraq, bu cür forumların “düzgün qiymətləndirmə, fikir mübadiləsi, problemlərin müzakirəsi və gözləntilər üçün vacib” olduğunu bildirdi.
Dövlət başçısının açıqlaması beynəlxalq münasibətlərin reallıqlarını və müasir geosiyasi dinamikaları dəqiq təsvir edir. Münaqişələrin həlli və uzunmüddətli sabitliyin təmin edilməsi məsələsində hədsiz nikbinlik əvəzinə realist yanaşmanın zəruriliyi vurğulanır. Tarixi təcrübə göstərir ki, müharibələrin formal olaraq dayandırılması sülhün tam bərqərar olması anlamına gəlmir. Sülhün dayanıqlı olması üçün əsas şərtlərdən biri hərtərəfli və hüquqi əsaslara söykənən sülh sazişinin imzalanmasıdır. Bu kontekstdə Azərbaycanın 30 ilə yaxın davam edən Ermənistanla münaqişə təcrübəsi, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar xüsusi diqqət çəkir.
Beynəlxalq miqyasda baş verən qlobal dəyişikliklərə konseptual yanaşması ilə seçilən bu müsahibədə dövlət başçımız dünyaya yeni mesajlarını çatdırmış oldu. Həmin mesajların əsasını Azərbaycan və onun milli maraqları təşkil edirdi – desək, səhvə yol vermərik. Bu dəyişməz siyasi xəttin bünövrəsi 1993-cü ildə – Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra qoyulub. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyasının təməlində məhz milli və dövlət maraqlarının vəhdəti durur. Azərbaycanda bu iki dəyərin bir-birini tamamlaması, üst-üstə düşməsi təsadüfi deyil. “Euronews”a müsahibədə milli maraqlarımızın daim üstün tutulacağının vurğulanması həmin sağlam siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsinin təzahürüdür. Azərbaycanın əldə etdiyi uğurlar bir daha təsdiqləyir ki, müstəqil xarici siyasət, öz resurslarına güvənmək və milli maraqları üstün tutmaq bu günün dəyişkən və qeyri-sabit beynəlxalq münasibətlər sistemində uğurun əsas şərtidir. Bu, təkcə nəzəri müddəa deyil, Azərbaycanın praktiki təcrübəsi ilə sübuta yetirilmiş mühüm bir həqiqətdir. Azərbaycan öz tarixində dəfələrlə göstərib ki, güclü iqtisadiyyat, çevik diplomatiya və güclü ordu ilə dövlət suverenliyini qorumaq və gələcəyi qurmaq mümkündür. Bu yanaşma regionun digər dövlətləri üçün də nümunəvi model ola bilər. Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından sonra “Euronews” televiziya kanalına müsahibəsi mahiyyəti baxımından tarixi müsahibədir və Azərbaycan gerçəkliklərinin dünyaya inteqrasiyası kimi də maraqla qarşılanacaq.
Emin Süleymanov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
