Tarixi dostluq və əməkdaşlıq

Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur
Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və
işçiləri ilə birgə görüşü tarixi mahiyyət daşıyır. Bir daha gördük ki, ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.

Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz
arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar.

Azərbaycan inşaatçıları və mütəxəssisləri BAM-ın tikintisində fəal iştirak ediblər. Ulu Öndər sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi.

Ötən il Azərbaycanda və Rusiyada Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd edildi. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir.

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri
tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız
arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və
humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə
yeni – müttəfiqlik səviyyəsinə qaldırıb.

Əməkdaşlığımızın nisbətən yeni sahəsi olan sənaye kooperasiyası
layihələrinin reallaşdırılması da iqtisadi əlaqələrin inkişafında xüsusi yer tutur.
Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri

yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda
Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir.
Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir.
Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası
forumlar da mühüm yer tutur. Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.

 

Xudayar Sultanlı,

ADPU Cəlilabad filialının direktoru, YAP fəalı

PAGE TOP