Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və
işçiləri ilə birgə görüşü zamanı çıxışı çox mühüm təsir bağışladı. Prezident bəyan etdi ki, Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib.
Səfərin gündəliyi kifayət qədər geniş idi. Gündəlikdə nəqliyyat komponenti də vardı. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhliziyük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.
Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da
yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir.
Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə
edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və
konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.
Qeyd edək ki, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil böyük rol oynayıb. 44 günlük Vətən müharibəsi zamanı Rusiya təmkinli davranış sərgilədi. Baxmayaraq ki, Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə Rusiyanı öz tərəfinə çəkmək istədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Bununla yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir. Məhz bu açıqlamanın özü Azərbaycanın torpaqlarını azad etmək yolunda işinə mühüm təkan və dəstək oldu.
Müttəfiqlik sənədinin regionda gedən son proseslərlə, Ukrayna məsələsi ilə əlaqəsi mövcud deyil. Azərbaycan müstəqil, hər bir ölkə ilə qarşılıqlı faydalı əməkdaşlıq kontekstində münasibətlər qurur. Xarici siyasətimizin prioritet istiqamətlərində məhz bu amillər dəqiqliklə və aydınlıqla təsbit olunmuşdur. Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətləri rəsmi Bakının öz maraqları üçün prioritet hesab etdiyi heç bir məsələdə prinsipial mövqe nümayiş etdirməsi yolunda əngəl deyil.
Yasər Muradov,
Cəlilabad RİH-nin şöbə müdirin müavini