Zəfər yoluna çıxdığımız vaxtdan üç il keçir. Xalqımız həmin günü həsrətlə, səbrlə, köks ötürə – ötürə, işğal altında olan torpaqları gözü yaşlı, qəlbi nisgilli düz 30 il gözləməli oldu. Minlərlə insan torpaq, yurd – yuva dərdini özü ilə əbədi dünyaya apardı. Doğma evlərindən, torpaqlarından didərgin salınan yüz minlərlə soydaşımız ağır illərin çətinliklərinə məharətlə sinə gərərək ürəklərində daimi bir vətən, torpaq sevgisi yaşatdılar. Şəhidlərimizin ruhu rahatlıq tapmadı, əsir şəhər və kəndlərimiz boynu bükük yollara boylandılar, igid oğlanlarımızın, əyilməz əsgər və zabitlərimizin hücum edib azğın düşməni məhv edəcəkləri günü gözlədilər.
Həsrətlərə, iztirablara son qoyan 44 günlük müharibə Azərbaycanın hərb tarixində qızıl səhifədir. Bu müharibənin uğurları, faktiki gedişləri, əsgər və zabitlərimizin şücaəti, xalqımızın əzmi və birliyi, ilk növbədə Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti, qətiyyəti haqqında çox yazılıb və bundan sonra da müharibə mövzusu, qələbə müjdələri xalqımızın qəlbində zaman – zaman çağlayacaqdır. Nə qədər çətin, ağrılı olsa da, şəhidlər versək də, şəhər və kəndlərimiz dağılsa da, iqtisadiyyatımıza külli miqdarda ziyan dəysə də qələbədən qürur duyuruq, uğurlarımızla, düşməni susdurmağımızla, təcəvüzkarları alçaltmağımızla fəxr edirik. İkinci Qarabağ müharibəsi Azərbaycanın qəhrəmanlıq tarixidir.
Təəssüf ki, Ermənistandakı qatı millətçi siyasi qüvvələr öz şəxsi mənafeləri naminə yenə də xalqı aldadır, ondan hakimiyyəti ələ keçirmək üçün bir vasitə kimi istifadə etməyə çalışırdı. Ermənilərin növbəti təxribatları nəticəsində xalqımız yenə şəhidlər verdi. Ermənistanı idarə edənlər və onların xaricdəki havadarları, yenə də başa düşmədilər ki, 2020-ci ilin payızında, 44 günlük şanlı Vətən müharibəsindən sonra bölgədə yeni reallıqlar yaranıbdır, Azərbaycan Prezidentin və yenilməz ordumuzun qeyri-adi rəşadəti sayəsində Qarabağda tarixi ədaləti bərpa edibdir. Bu günlər layiq olduğumuz haqqımız uğrunda savaşımız da haqq işimizdir. Bu gün qəhrəmanlıq yolumuz davam edir. Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri bu yolda yeni bir mərhələdir.
Bu hadisə beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının reallaşdırılmasının göstəricisidir. Azərbaycan Respublikası beynəlxalq səviyyədə qəbul olunmuş qərarların sülh və danışıqlar yolu ilə icrasının təmin olunması üçün səy göstərib, bütün danışıqlarda təşəbbüskar, həm də tərəfkeş kimi iştirak edib. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi və separatçı qüvvələr dəfələrlə atəşkəsi pozaraq təxribatlar törədiblər. Nəhayət ki, bu günlardə cavablarını da alıblar. Bu günlərdə Prezidentimizlə, ordumuzla, xalqımızla, bizə dəstək verən dost ölkələrlə öyünməyə, fəxr etməyə haqqımız vardır.
Bu günlərin şöhrəti və qəhrəmanlığı heç vaxt unudulmayacaq. Gələcək nəsil öz ata-babalarının fədakarlığı ilə öyünə bilərlər.
Ofeliya Qəhrəmanova
Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru