16 may 2023-cü il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Fondun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən qədim Türk mədəniyyətinin təşviqi istiqamətində təşkil edilən tədbirlərdən, Türk xalqlarının qədim dəyərlərinin yaşadılmasına yönəlmiş gələcək layihələrdən, eləcə də Fondun müşahidəçi dövləti olan Macarıstan ilə mövcud əməkdaşlıq əlaqələrindən bəhs edib. Fondun prezidenti Bela Bartok, Mikloş Radnoti və Macarıstanın digər görkəmli şəxsiyyətlərinin yaradıcılıqlarının təbliği sahəsində Fond tərəfindən həyata keçirilən layihələri qeyd edib.
Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, Türk Dünyasının çoxəsrlik zəngin irsinin beynəlxalq miqyasda tanıdılmasında təşkilat tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb. Həmçinin, Ş.Lejak Macarıstanın Türk dövlətləri ilə olan sıx münasibətlərindən, Fond ilə birgə layihələrin vacibliyindən söz açıb.
Görüşdə Fond və Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.