“Dövlətimizin qadın siyasəti dünyaya nümunədir”

Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Qadınlarımız  tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur.

Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ümummilli Liderimiz tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanmışdır.  Hər il 8 Mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur, bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir.  Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.

Təkcə bu bayram günü yox, hər zaman üzünüz gülsün, əziz xanımlar! Sizi həmişə zərif görmək istəyirəm. Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirəm. Çünki onlar buna və bundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

 

Hafiz Cavadov

Lənkəran-Astara Regional Təhsil İdarəsi

Cəlilabad Təhsil Sektorunun məsul işçisi