“Azərbaycanlı məfkurəsində sədaqət simvolu”

Azərbaycan qadını tarix boyu ictimai fəallığı, Vətənə sədaqəti, ailəyə bağlılığı, fədakarlığı və qəhrəmanlığı ilə seçilmişdir. Qadınlarımız ailə dəyərlərimizin formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmişlər. Ümummilli lider  Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində təmsil olunması, bütün sahələrdə öz layiqli yerini tutması, cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirmişdir. “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir” – deyən ümummilli liderin bu sözlərində Azərbaycan qadınına verdiyi böyük dəyəri görmək olar.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etmişdir. Həmçinin ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” 1998-ci il 14 yanvar tarixli Sərəncamı və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı ölkənin sosial-siyasi, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq məqsədi ilə imzalanmış mühüm dövlət sənədləri olmuşdur.

Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qadın siyasəti daha geniş müstəvidə həyata keçirilir. Prezidentimiz qadınlarımıza yüksək qiymət verərək demişdir: “Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır”.

Bütünlükdə respublikamızda olduğu kimi rayonumuzun da sosial-iqtisadi və ictimai-siyasi həyatında qadınların böyük rolu vardır. Bu da ölkəmizdə gender bərabərliyinə tarixən göstərilən müsbət münasibətdən qaynaqlanır. Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. Rayonumuzun qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Muxtar respublikada qadınların həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına ən ciddi təminatlardan biridir. Azərbaycan qadınının ictimai həyatımızdakı mövqeyi dilimizə, vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi olmuşdur və gələcəkdə də olacaqdır.

Əziz xanımlar! Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

 

Xudayar Sultanlı,

ADPU Cəlilabad filialının direktoru, YAP fəalı