8 Mart – qadın və gözəllik bayramı kimi qeyd olunur. Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür.
8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi. Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxdılar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. ABŞ-ın bir çox müəssisələrində «həmkarlar ittifaqı» təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni «həmkarlar ittifaqı» təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq “seçki” hüququnu tələb edirdilər.
8 Mart – Qadınlar Günü hər il Azərbaycanda da rəsmi bayram kimi qeyd edilir. Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycanın dahi oğlu, ümummilli lider Heydər Əliyev qadınların bu xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi. Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikdə demişdir: “İnanıram ki, zəngin mənəviyyatlı Azərbaycan qadınları qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcək və müstəqillik səlnaməmizə yeni, işıqlı səhifələr yazacaqlar”.
Əziz qadınlar! Bu möhtəşəm 8 mart bayramında məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əskik olmasın!
Ziyatay Zeynalov,
Cəlilabad rayon, Babaxanlı kənd
ümumi orta məktəbinin direktoru