Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər.
Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan ən dəhşətli kütləvi terror hadisələrdəndir. Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası, üç istiqamətdə şəhərə yeridilmiş, “Alazan” tipli hərbi qurğular yaşayış evləri və şəhərin sosial infrastrukturunu dağıtmış və yandırmışdır.
Dinc əhaliyə şəhərdən çıxmaq üçün dəhliz belə verməyən cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan soydaşlarımızı amansızcasına qətlə yetirmişlər. Qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla öldürülmüş, misli görünməmiş qəddarlıqla diri-diri yandırılmış, başlarının dərisini soymuş, gözləri çıxarılmışdır. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur.
Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Seymur Abbasov, Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı